DONETSK VİLAYƏTİ AZƏRBAYCANLI SƏRMAYƏDARLARLA ƏMƏKDAŞLIQDA MARAQLIDIR
A.Bliznyuk Ukraynanın iri sənaye, elmi və mədəni mərkəzi sayılan Donetsk vilayəti haqqında ətraflı məlumat verərək, Azərbaycan sərmayəsinin cəlb olunmasına böyük maraq göstərdiyini bildirmişdir.
Səfir respublikamızın böyük uğurları, iqtisadi islahatlar, təkcə neft sənayesində deyil, həm də qeyri-neft sektorunda da sərmayə qoyuluşunun xeyli artması, habelə ölkəmizin sosial yönümlü büdcəsi haqqında məlumat vermişdir. Xüsusi vurğulanmışdır ki, iqtisadiyyatın möhkəm bünövrəsini, respublikamızın yüksək beynəlxalq nüfuzunun əsasını milli liderimiz Heydər Əliyev qoymuşdur. Hazırda bu siyasəti onun layiqli varisi, xalqın çox yüksək etimadını qazanmış Prezident İlham Əliyev uğurla davam etdirir.
Azərbaycanın nailiyyətlərindən məmnun qaldığını bildirən A.Bliznyuk demişdir ki, vaxtilə ulu öndər Heydər Əliyevlə görüşmək şərəfindən, habelə Prezident İlham Əliyevlə tanışlığından qürur hissi keçirir.
O, Donetsk vilayətinin ictimai-siyasi həyatında fəal iştirak edən Azərbaycan diasporunun tanınmış nümayəndələrinin fəaliyyətini də vurğulamışdır.
Elə həmin gün səfir Tələt Əliyev Donetsk Ticarət-Sənaye Palatasında 18 səfirliyin və konsulluğun nümayəndələrinin təmsil olunduğu “İxracçılar-İdxalçılar” beynəlxalq işgüzar görüşündə iştirak etmişdir.