Dördəmlərin qeydiyyata alınması və doğum haqqında şəhadətnamələrin təqdim edilməsi mərasimi keçirilib
Bakı, 11 may, AZƏRTAC
Bu gün Yasamal Rayon İcra Hakimiyyəti yanında Heydər Əliyev Mərkəzində Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Məmmədovlar ailəsində anadan olan dördəmlərin doğum haqqında şəhadətnamələri təqdim edilib.
AZƏRTAC xəbər verir ki, doğum haqqında şəhadətnamələr üzərində Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları qeyd olunan bukletlərlə birlikdə təqdim olunub.
Ədliyyə Nazirliyinin Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinin rəisi Leyla Suleymanova qeyd etdi ki, bu gözəl hadisə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etmişdir: “Uşaqlara Heydər, İlham, Mehriban, Ərdoğan adlarının verilməsi Azərbaycan xalqının öz Ümummilli Liderinə, Prezidentinə, Birinci vitse-prezidentinə və eyni zamanda Türkiyə-Azərbaycan xalqlarının qardaşlığına sevgisinin nümayişidir. Məmmədovlar ailəsinə xoşbəxt, firavan həyat, Vətənimiz, xalqımız üçün xeyirli övladlar böyütməyini arzulayırıq”.
Dördəmlərin anası Aygün Məmmədova bildirib ki, dördəmlər ilk övladlarından 7 il sonra dünyaya gəliblər. “Doğum zamanı ilk dünyaya gələn övladım qız, daha sonra oğlanlar oldu. Qızım 1,200 qram, iki oğlum 1,300 qram, biri isə 1,400 qramdır. Övladlarıma adlarını qayınatam qoyub. İnşallah, onları adlarına layiq, cəmiyyətə faydalı vətəndaş kimi yetişdirəcəyik”, - deyə A.Məmmədova qeyd edib.
Ailə övladlarına Ümummilli Lider Heydər Əliyevin xatirəsinə, Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə Heydər, İlham, Mehriban və Ərdoğan adlarını verib. Körpələr Respublika Perinatal Mərkəzində dünyaya gəliblər. 8 ildir ailəli olan 32 yaşlı Murad və 30 yaşlı Aygünün 7 yaşlı Ayan adlı bir qızları da var.