Dövlət Agentliyinin sədr müavini “Azərbaycan 500 ASAN Startap Proqramı”nın iştirakçıları ilə görüşüb
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov “Azərbaycan 500 ASAN Startap Proqramı”nın yekun mərhələsinə keçmiş 10 startap komandası ilə görüşüb.
Görüşdə “Tinyworks”, “Uniquality”, “Medicall”, “Skaut”, “Taskilled”, “ReTripStore”, “Rihand”, “Talant.az”, “E-Book platform” və “QMS” startaplarının komanda üzvləri iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Ceyhun Salmanov ölkəmizdə gənclərin inkişafına şərait yaradan innovasiya ekosisteminin və infrastrukturunun formalaşdırılması istiqamətində görülən tədbirlərdən danışıb və potensial startap qurucuları arasında innovativ sahibkarlığa həvəs və impuls yaradan “Azərbaycan 500 ASAN Startap Proqramı”nın bu sahədə önəmli rolunu vurğulayıb.
Komanda üzvləri “Azərbaycan 500 ASAN Startap Proqramı” çərçivəsində qurulan startaplar və prototiplərin hazırlanmasının gedişatı haqqında məlumat veriblər. Görüşdə, həmçinin iştirakçıların öz startaplarının inkişafı ilə bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
Yaxın zamanda təşkil olunacaq nümayiş günündə proqramın yekun mərhələsində iştirak edən 10 startap komandası layihələrini geniş ictimaiyyətə, o cümlədən, potensial investorlara təqdim etmək imkanı qazanıb.
Xatırladaq ki, “Azərbaycan 500 ASAN Startap Proqramı” Dövlət Agentliyi ilə “500 Startups” qlobal vençur kapitalı şirkəti ilə əməkdaşlıq çərçivəsində “PAŞA Holdinq”in dəstəyi ilə həyata keçirilir. “Azərbaycan 500 ASAN Startap Proqramı”nın əsas məqsədi ölkəmizdə startap və innovasiya ekosisteminin inkişafını sürətləndirmək, potensial startap qurucuları arasında innovativ sahibkarlığa həvəs və impuls yaratmağa kömək etmək və yerli startapların qlobal bazara və xarici investorlara çıxışına imkanları genişləndirməkdir.