Dövlət Bayrağı Gününə həsr edilmiş vebinar keçirilib
Bakı, 8 noyabr, AZƏRTAC
Quba Soyqırımı Memorial Kompleksinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş vebinar keçirilib.
AZƏRTAC xəbər verir ki, kompleksin direktor müavini Mehriban Əliyevanın moderatorluğu ilə keçirilən vebinarda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində olan müxtəlif qoruqlardan 30-dan çox əməkdaş iştirak edib.
Tədbirdə Bakı Avrasiya Universitetinin sosial və siyasi fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Pərinaz Sadıqlı çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğal altında olan torpaqlarını azad edərək, dünya tarixinə qızıl hərflərlə yazılan Zəfər qazandığını bildirib. O, 9 Noyabr - Dövlət Bayrağı Gününün tarixi torpaqlarımızda qürur və fərəh hissi ilə qeyd olunduğunu vurğulayıb.
Sonra AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı çıxış edərək müstəqil Azərbaycanın Dövlət Bayrağının ölkəmizin bütün vətəndaşları üçün dövlətçilik rəmzlərindən birinə çevrildiyini söyləyib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.