SİYASƏT
Dövlət Gömrük Komitəsinin əməkdaşları Dövlət Bayrağı Meydanında olmuşlar
![Dövlət Gömrük Komitəsinin əməkdaşları Dövlət Bayrağı Meydanında olmuşlar](/files/2013/3/1200x630/14071451171014933287_1200x630.jpg)
Bakı, 8 noyabr (AZƏRTAC). Noyabrın 8-də Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları Dövlət Bayrağı Meydanını ziyarət etmişlər.
Bu barədə AZƏRTAC-a DGK-nın mətbuat xidmətindən məlumat verilmişdir. Əməkdaşların diqqətinə çatdırılmışdır ki, Dövlət Bayrağı Meydanı Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamı əsasında yaradılmışdır. 2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir.
Qeyd olunmuşdur ki, 60 hektar ərazini əhatə edən meydanda bütün infrastruktur yaradılmışdır. Burada ucaldılmış dirəyin hündürlüyü 162 metr, ümumi çəkisi 220 tondur. Bayrağın eni 35, uzunluğu 70 metr, sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiqləmişdir.
Səkkizguşəli ulduz formasında yaradılmış Dövlət Bayrağı Muzeyi ilə tanış olan DGK-nın əməkdaşlarına məlumat verilmişdir ki, burada müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur.
Dünyada nadir muzeylərdən biri olan Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiqləyən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da nümayiş etdirilir.
Qeyd edilmişdir ki, bu il sentyabrın 24-də Bakıda keçirilən Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının 21-ci konfransının iştirakçıları Dövlət Bayrağı Meydanında olarkən Rusiya nümayəndə heyəti Rusiya Federal Gömrük Xidməti adından muzeyə Bakı Gömrükxanasının 1827-1991-ci illəri əhatə edən beş tarixi bayrağının nümunələrindən ibarət dəsti təqdim etmişdir. Öz növbəsində, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən rəssam Sabir Çopuroğlunun çəkdiyi “Köhnə Bakı Gömrüyü” adlı tablo və Azərbaycan gömrük orqanı əməkdaşlarının xüsusi geyim forması, medal və döş nişanları Dövlət Bayrağı Muzeyinə hədiyyə olunmuşdur.
Dövlət Bayrağı Meydanı ilə tanışlıq Dövlət Gömrük Komitəsinin əməkdaşlarında zəngin təəssürat yaratmışdır.