Dövlət İdarəçilik Akademiyasında “Vətəndaş məmnunluğunun təmin olunmasının müasir texnologiyaları” layihəsi çərçivəsində növbəti təlim
Bakı, 1 noyabr AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın Fəaliyyət Planında dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Fəaliyyət Planında göstərilən prioritet istiqamətlərindən biri kimi rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından (DİA) məlumat verilib. Bildirilib ki, DİA və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə imzalanan əməkdaşlıq memorandumuna əsasən birgə layihələrin, konfransların, ixtisasartırma kurslarının təşkili, dəyirmi masaların, seminarların və müzakirələrin keçirilməsi, müxtəlif elmi-tədqiqatların aparılması və analitik materialların hazırlanması nəzərdə tutulur. Mövcud əməkdaşlıq memorandumu çərçivəsində Dövlət İdarəçilik Akademiyası fəaliyyətinin davamı olaraq 2021-ci ildə “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün “Vətəndaş məmnunluğunun təmin olunmasının müasir texnologiyaları” mövzusunda təlimlər keçirir. Yeni tədris ilində növbəti təlim bu il oktyabrın 22-si və 29-u tarixlərində təşkil olunub.
Təlimin “Azərbaycan Respublikasının Milli prioritetləri: planlaşdırma və idarəetmə” mövzusunda ilk mühazirəsi DİA-nın rektoru akademik Urxan Ələkbərov tərəfindən təqdim olunub. Sonra təlim iştirakçıları DİA-nın Dövlət qulluğu və kadr siyasəti kafedrasının müəllimi Anar Həsənovun “Vətəndaş məmnuniyyətinin təmin edilməsində xidmət mədəniyyətinin rolu”, “Vətəndaş-məmur münasibətlərində ünsiyyət bacarıqları” mövzusunda mühazirələrini dinləyiblər.
Layihə 2021-ci ilin sonunadək davam edəcək və təlim iştirakçılarına sertifikatlar təqdim olunacaq.