Dövlət İmtahan Mərkəzi beynəlxalq imtahanlarla bağlı vebinar keçirəcək
Bakı, 8 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ETS Global təşkilatı ilə birgə mayın 24-də saat 15:00-da “Zoom” platforması üzərindən ingilis dilində “The TOEFL iBT® Test and TOEFL iBT Home Edition: Insights you need” adlı vebinar keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, vebinarın qeydiyyat linki mayın 23-dək aktiv olacaq. The TOEFL iBT® (Test of English as a Foreign Language) ingilis dili səviyyəsini qiymətləndirən beynəlxalq imtahanlardan biri olmaqla namizədin ingilis dilini akademik səviyyədə necə anladığını və ünsiyyətdəolma bacarıqlarını qiymətləndirir. TOEFL iBT® imtahanın nəticəsi ABŞ və digər ingilisdilli ölkələrdəki universitetlərə qəbul olmaq üçün əsas tələblərdən biridir. Bununla bərabər dövlət qurumları, biznes və ya təqaüd proqramları da bu imtahanı tələb edə bilər.
DİM tələbələrin bu imtahana göstərdiyi istək və tələblərini nəzərə alaraq ETS Global təşkilatı ilə birlikdə son zamanlarda tələbələri imtahana qeydiyyatı, imtahanın strukturu, nəticələr və hazırlıq resursları barədə məlumatlandırmaq üçün vebinarlar təşkil edir.
Növbəti vebinarın spikeri ETS Global təşkilatının nümayəndəsi Yasemin Arşın TOEFL iBT® imtahanı barədə ətraflı məlumat verəcək, eyni zamanda, iştirakçıların suallarını cavablandıracaq.
Qeyd edək ki, DİM 2016-cı ildən etibarən ETS-nin (Educational Testing Service - Təhsildə Qiymətləndirmə Xidməti) rəsmi test mərkəzi olaraq TOEFL iBT® imtahanlarını təşkil edir.
TOEFL iBT® imtahanı da daxil olmaqla, DİM-in keçirdiyi digər beynəlxalq imtahanlarla bağlı DİM-in saytındakı keçiddən istifadə edərək ətraflı məlumat əldə etmək mümkündür.