Dövlət Miqrasiya Xidmətinin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığında yeni yanaşmanın tətbiqi müzakirə olunub
Bakı, 11 may, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın üzvləri ilə DMX-nin yeni rəisi Vüsal Hüseynovun görüşü keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə Şurada təmsil olunan bütün qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Xidmətin inzibati binasında təşkil edilən görüşün məqsədi İctimai Şuranın fəaliyyəti ilə tanışlıq və təklifləri dinləmək, Şura üzvləri ilə onun fəaliyyət istiqamətləri, həyata keçirilən tədbirlər barədə ətraflı fikir mübadiləsi aparmaq olub.
Qurumun rəisi Vüsal Hüseynov şəffaflığın prioritet kimi müəyyənləşdirildiyi DMX-nin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığına yeni yanaşmanın tətbiqinin zəruriliyini diqqətə çatdırıb. O, İctimai Şuranın Xidmətin həyatında və miqrasiya proseslərində əhəmiyyətini qeyd edib. V.Hüseynov vurğulayıb ki, DMX-də göstərilən xidmətlərin həm də olduğu kimi görünməsinin təmin edilməsi üçün əsaslı işlər görüləcək. O, insanların ictimai sektoru özünə yaxın hesab edib ünvanlandığı müraciətlər və digər təkliflərlə bağlı məlumat mübadiləsinin genişləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, İctimai Şuranın əsas məqsədlərindən biri ictimaiyyətlə dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və qərarvermə prosesində iştirakçılıqdır.
İctimai Şuranın sədri Azər Allahverənov, Şura üzvləri Sahib Məmmədov və Kəmalə Məmmədova çıxışlarında Xidmət rəisinin fəaliyyətinin başlanğıcında ictimai iştırakçılığa önəm verməsini təqdir ediblər. İctimaiyyəti düşündürən və Şuraya daxil olan bir sıra məsələlərə dair təkliflər diqqətə çatdırılıb.
İstər institusional, istərsə də qanunvericilik və digər sahələri əhatə edən təklifləri yüksək qiymətləndirən V.Hüseynov gələcək görüşlərdə müzakirə olunan mövzular, sahələr üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının iştirakının təmin ediləcəyini deyib. Görüşlərin mütəmadi keçiriləcəyini söyləyən Xidmət rəisi əlavə edib ki, İctimai Şuranın üzvləri DMX-nin fəaliyyətinin bütün istiqamətlərində, həmçinin saxlanma mərkəzlərinə baş çəkməkdə sərbəst şəkildə yaxından iştirak etməlidirlər.