DÖVLƏT ORQANLARININ ƏMƏKDAŞLARI VİLNÜSDƏ TƏLİM KURSLARINDA İŞTİRAK EDİRLƏR
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov AZƏRTAC-a bildirmişdir ki, komissiya dövlət qulluqçularının peşəkarlığını artırmaq məqsədi ilə Litva İdarəçilik Akademiyası ilə müqavilə bağlamışdır.
Hazırda Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə birgə 36 dövlət orqanının kadr işləri və aparat rəhbərlərini Vilnüs şəhərinə üçgünlük təlim kurslarına göndəririk. Artıq iki qrup təlimlərdən qayıtmışdır. Üçüncü qrup isə Vilnüsə iyulun ortalarında yola düşəcəkdir.
Komissiya iyunun sonundan regionlarda kadrların idarə edilməsinə yeni yanaşma, dövlət qulluqçularının etik davranışı, dövlət qulluqçularının reyestri ilə bağlı təlimlər də keçirəcəkdir.