DÖVLƏT PROQRAMININ İCRASI MÜZAKİRƏ EDİLMİŞDİR
Rayonun təhsil, mədəniyyət, səhiyyə, sosial müdafiə fondu, məşğulluq xidməti və gənclər təşkilatı işçilərinin iştirak etdiyi müşavirədə Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda (2004-2008-ci illər) Astara rayonu üzrə nəzərdə tutulan tədbirlərin icrası barədə məlumat verilmiş və qarşıda duran vəzifələrdən danışılmışdır. Eyni zamanda Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həlli istiqamətində rayonda kurort-sanatoriya və turizmin inkişafı, səhiyyə, mədəniyyət, təhsil, idman və əhalinin sosial müdafiəsini gücləndirmək sahəsində görülmüş işlərdən söhbət açılmış və mövcud problemlər təhlil olunmuşdur.
Bildirilmişdir ki, rayonda turistlərin qəbulu və yerləşdirilməsi, onların rahat və mənalı istirahətini təmin etmək məqsədi ilə Xəzər dənizi sahilində “1001 gecə” otel kompleksi, “Savalan” istirahət və əyləncə mərkəzi tikilib istifadəyə verilmişdir. Burada, həmçinin fərdi yaşayış evlərində istirahət etmək arzusunda olan turistlər üçün Xəzər dənizi sahili boyunca yerləşən turist marşrutlarında, dağ yaylalarında yerləşən massivlərdə lazımi şərait yaradılmışdır. Daxili sərəncamla rayonda idman, sağlamlıq və turizm kompleksinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır.