Dövlət qulluğu üzrə imtahanlarda uğur qazanan namizədlərə sertifikatların verilməsinə başlanılıb
Bakı, 6 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AC qrupu, həmçinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qrupları üzrə iyulun 5-də təşkil edilmiş müsabiqənin test imtahanından müvəffəqiyyətlə keçən namizədlər üçün sertifikatların verilməsinə başlanılıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, namizədlər iyulun 6-dan 17-si saat 18:00-dək müraciət formasını doldurmalıdırlar.
Qeyd edək ki, müraciət zamanı ali təhsil haqqında sənədin, əmək kitabçasının (olduğu halda), ad və ya soyadında dəyişiklik edilmiş şəxslər üçün isə bunu təsdiq edən sənədin (nikah şəhadətnaməsi, məhkəmə qərarı və s.) skan edilmiş surətləri sistemə əlavə edilməlidir.
Müraciət formasında göstərilən məlumatların və əlavə olunan sənədlərin dövlət elektron informasiya sistemləri vasitəsilə yoxlanılması mümkün olmadıqda, namizəd müvafiq sənədlərin təsdiq edilmiş surətlərini və ya eyniləşdirmə məqsədilə əslini 5 iş günü ərzində DİM-in inzibati binasına (akademik Həsən Əliyev küçəsi, 299) təqdim etməlidir.