Dövlət qulluğuna qəbul olmaq istəyənlər təkrar sınaq imtahanı verəcəklər
Bakı, 30 may, AZƏRTAC
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün təkrar sınaq imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə iyunun 13-də və 23-də təşkil olunacaq.
İmtahan saat 10:00-da başlayacaq. Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanda iştirak etmək üçün online qeydiyyat müvafiq olaraq iyunun 13-də və 23-də saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.
Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.
Sınaq imtahanında təkrar test tapşırıqlarından istifadə ediləcək.