Dövlət qurumları adından elan saytlarına mövcud olmayan vakansiyalar yerləşdirən şəxs saxlanılıb VİDEO
Həmin şəxsin 200-dən çox vətəndaşa qarşı dələduzluq edərək aldatdığı məlum olub
Bakı, 4 may, AZƏRTAC
Onlayn yolla müxtəlif elan saytlarında iş axtaran vətəndaşlara qarşı dələduzluq edərək onlara mövcud olmayan vakansiyalar təklif edən və bunun müqabilində zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanun pozuntularını törətməkdə şübhəli bilinən Sərastan Bəşirov tutulub. Araşdırma zamanı müəyyənləşdirilib ki, bu şəxs saytlarda dövlət qurumlarının adından müxtəlif vakansiyalar üzrə namizədlərin qəbulu barədə saxta elanlar yerləşdirib. Sərastan Bəşirov işlə bağlı onunla əlaqə saxlayan hər bir vətəndaşdan sığorta haqqı adı ilə müxtəlif məbləğlərdə pul vəsaitləri alıb. Bu yolla o, 200-dən çox şəxsin pulunu ələ keçirərək dələduzluq edib.
Qeyd edək ki, Sərəstan Bəşirov elan saytlarında yerləşdirdiyi mətnlərdə özünü Emin Hüseynov kimi təqdim edib. Aşkarlanan faktlarla bağlı araşdırmalara başlanılıb və Sərastan Bəşirov tutularaq məsuliyyətə cəlb olunub. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinə, 102 - Xidməti-Zəng Mərkəzinə və ya nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.