DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN MƏLUMATI
Sentyabrın 20-də Dövlət Sərhəd Xidməti tərəfindən “Samur” nəzarət-buraxılış məntəqəsində aparılmış əməliyyat tədbiri nəticəsində Rusiya Federasiyasından Azərbaycan Respublikasına silah-sursat keçirilməsinin qarşısı alınmışdır. Rusiya Federasiyasının vətəndaşı, Mahaçqala şəhərində pasport qeydiyyatında olan Məmmədov Elzaka Həsənbala oğluna məxsus “Qaz-3102” markalı A 524 XT/05 rus dövlət nişanlı minik avtomobilində 3 ədəd Kalaşnikov avtomatı, 16 ədəd güllə darağı və 180 ədəd 5,45 çaplı döyüş gülləsi aşkar edilərək götürülmüşdür.
Son on gündə 40-dan çox dövlət sərhədini pozma cəhdi aşkarlanmış, 29 nəfər sərhəd pozucusu saxlanılmış, o cümlədən Lənkəran sərhəd dəstəsinin ərazisində İrandan Azərbaycana keçməyə cəhd göstərən 6 nəfər müxtəlif ölkə vətəndaşlarından olan sərhəd pozucularının qarşısı alınmışdır. Axtarışda olan 8 nəfər Azərbaycan vətəndaşı yaxalanaraq, hüquq mühafizə orqanlarına təhvil verilmişdir. Sərhəd rejim qaydalarını pozmuş 178 nəfər şəxs saxlanılmış, barələrində qanuna müvafiq tədbirlər görülmüşdür.
Sərhədçilərimiz tərəfindən “Samur” NBM-də 6 min qutudan çox siqaret, təxminən 2 min müxtəlif dərman preparatı, “Astara” NBM-də 3 min litrə yaxın benzin, 9 kiloqram qara kürü, 13 min oyun kartı, Şərur rayonunda “N” sərhəd zastavasının xidmət ərazisində 1390 ədəd araq aşkar edilərək götürülmüş, 600 ədəd “Petroff” arağını sərhəddən keçirməyə cəhd göstərən 6 nəfər qaçaqmalçı tutulmuşdur.
Şəmkir sərhəd dəstəsinin ərazisində Gürcüstandan Azərbaycana 63 baş qaramal keçirməyə cəhd göstərən 6 nəfər Azərbaycan vətəndaşı saxlanılmışdır.