Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qubada bölgə sakinlərini qəbul etmişdir
Quba, 8 noyabr (AZƏRTAC). Sentyabrın 8-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Qubadakı Heydər Əliyev Mərkəzində şimal bölgəsinin sakinlərini qəbul etmişdir.
AZƏRTAC xəbər verir ki, komitənin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Abşeron, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan vətəndaşların müraciət və təklifləri dinlənilmişdir.
Qəbula gəlmiş vətəndaşların müraciətləri əsasən torpaq islahatı zamanı pay torpaqlarının bölüşdürülməsi, həyətyanı sahələrin meşə fonduna aid ərazilərə düşməsi, torpaq islahatı ilə bağlı müvafiq sənədlər tərtib edilərkən müəyyən texniki qüsurlara yol verilməsi, Dövlət Aktlarının qaimələrində torpağın mövcud keyfiyyət göstəricisinə uyğun düzəlişlərin aparılmaması, qonşu torpaq mülkiyyətçiləri arasında yaranan mübahisələr və digər məsələlərlə bağlı olmuşdur.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlər komitənin əməkdaşları tərəfindən araşdırılaraq qurumun səlahiyyətinə aid məsələlərin həlli üçün müvafiq rayon və şəhər şöbələrinin rəhbərlərinə tapşırıqlar verilmişdir.
Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə əlaqədar qurumlara göndərilmək üçün qeydə alınmış və nəzarətə götürülmüşdür.