DÖVLƏTİMİZİN SƏRHƏDLƏRİ ETİBARLI SURƏTDƏ QORUNUR
Ötən ay 9 halda dövlət sərhədinin pozulmasının qarşısı alınmışdır. Gürcüstanın 8, Azərbaycanın və Əfqanıstanın hərəyə 5, Türkiyənin 1 nəfər vətəndaşı sərhəd pozucusu qismində, Azərbaycanın 23, Gürcüstanın 1 vətəndaşı sərhəd rejimi qaydalarının pozucusu qismində saxlanılmışdır.
Axtarışda olan 52 nəfər şəxs saxlanılaraq hüquq mühafizə orqanlarına təhvil verilmişdir.
Müvafiq sənədləri olmadığına görə 150 nəfər saxlanılmışdır. 4 nəfər Azərbaycan və 1 nəfər Türkiyə vətəndaşı saxta sənədlərlə, 2 nəfər Azərbaycan, 3 nəfər Rusiya və 1 nəfər Gürcüstan vətəndaşı özgəsinə məxsus sənədlərlə sərhədlərimizi keçmək istəyərkən saxlanılmışdır.
Həmçinin İranın 19, Hindistanın 10, Türkiyənin 7, Nigeriyanın 3, Pakistanın, Malayziyanın, İndoneziyanın hərəyə 2, Çinin, Sinqapurun və Əfqanıstanın hərəyə 1 vətəndaşı vizasının olmamasına görə saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.
Ay ərzində 138 ABŞ dollarının, 15.460 qutu müxtəlif markalı siqaretin, 4 ədəd mobil telefonun, 250 qramlıq qablarda 768 ədəd bitki yağının, xeyli miqdarda sənaye mallarının sərhəddən qeyri-qanuni keçirilməsinin qarşısı alınmışdır. Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.