DRAMATURQ MİRZƏ MƏHƏMMƏD AXUNDOVUN ƏSƏRLƏRİNDƏN İBARƏT TOPLUNUN TƏQDİMATI OLACAQ
Gecədə M.M.Axundov haqqında televiziya filmi göstəriləcək, habelə onun dram əsərlərindən ibarət kitabın təqdimat mərasimi olacaqdır. Ədibin vəfatının 80 illiyi ilə əlaqədar buraxılan bu kitabda ilk dəfə onun 5 dram əsəri toplanmışdır. İndiyədək ərəb əlifbası ilə nəşr edilən həmin əsərlər latın qrafikası ilə çap olunmuşdur.
M.M.Axundov Azərbaycan teatrşünaslığının da banisi sayılır. XX əsrin əvvəllərində o, teatrşünaslığın elmi-nəzəri prinsiplərini araşdıraraq, bunları “Teatr nədir?” əsərində şərh etmişdir. Kitab 1909-cu ildə Gəncədə nəşr edilmişdir.
1906-cı ildə Gəncədə tərəqqipərvər ziyalılarla birlikdə ilk dram cəmiyyəti yaradılması da M.M.Axundovun xidməti hesab olunur.
O vaxt Mirzə Məhəmməd Axundovun tamaşalarında baş rolları Azərbaycan səhnəsinin Hüseyn Ərəblinski və Abbas Mirzə Şərifzadə kimi korifeyləri ifa edirdilər.
Dramaturqun xatirəsi təxminən 80 il yad olunmamış, kitabları nəşr edilməmişdir. Yalnız indi filologiya elmləri namizədi Rauf Sadıqovun tədqiqatları sayəsində M.M.Axundovun əsərlərinə yenidən maraq yaranmışdır.
Yeri gəlmişkən, o vaxtlar M.M.Axundov “Molla Nəsrəddin” satirik jurnalında “Mollapərəst”, “Hacıkənd”, “Molla Zori”, “Yoncasatan”, “Qeybi” və digər təxəllüslərlə müntəzəm çıxış edirdi.