DSX-nin və Müdafiə Nazirliyinin ingilis dili kursunu bitirən dinləyicilərinə sertifikatlar verilib
Bakı, 30 mart, AZƏRTAC
Dövlət Sərhəd Хidmətinin (DSX) təlim-tədris imkanlarının təkmilləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması, xidməti fəaliyyətin müxtəlif sahələri üzrə hərbi qulluqçuların bilik və bacarıqlarının yüksəldilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi üzrə məqsədyönlü tədbirlər davam etdirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, xarici ölkələrin aidiyyəti qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdə də tədris prosesinin vacib komponentlərindən olan şəxsi heyətin xarici dil biliklərinin təkmilləşdirilməsi üzrə əhəmiyyətli işlər görülüb.
Son illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Bakıdakı səfirliyi ilə həyata keçirilən faydalı əməkdaşlıq çərçivəsində DSX-nin bir qrup əməkdaşı üçün təşkil edilən ingilis dili kurslarının növbəti mərhələsi uğurla yekunlaşıb.
DSX-nin Akademiyasında Dövlət Sərhəd Xidmətinin və Müdafiə Nazirliyinin ingilis dili kursunu bitirən dinləyicilərinin sertifikatlarının təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Böyük Britaniya səfirliyinin müvəqqəti işlər vəkili Stefen Makkormik, Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi, general-mayor Elşən Verdiyev və Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Rövşən Kərimov çıxış edərək belə təşəbbüslərin şəxsi heyətin hazırlığının yüksəldilməsi ilə yanaşı, ikitərəfli əməkdaşlığın inkişafı və möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıblar.