DUBAY HÖKMDARI ÇUKOTKA QUBERNATORU İLƏ RƏQABƏT APARA BİLƏCƏKMİ?
Odur ki, əmirin ailəsinə məxsus “Dubai İnternational Capital” şirkəti İngiltərənin “Liverpul” futbol klubu səhmlərinin nəzarət paketini 450 milyon funt sterlinqə almaq istədiyini açıqladıqda, bu məsələ artıq həll olunmuş hesab edildi.
Beləliklə, ingilis futboluna yeni milyarder varid olacaqdır. Bu, atları və poeziyanı həddindən artıq sevən, bomboş torpaq sahəsini öz səyləri və var-dövləti ilə XXI əsrin dövlətinə - palma formasında iki süni ada ilə daha da gözəlləşdirilən məmləkətə çevirən ərəb şahzadəsidir.
Bir müddətdən sonra “Anfild” stadionuna gələnlər onu tanımayacaqlar və burada daha güclü komanda oynayacaqdır. Roman Abramoviçin “Çelsi” klubu ilə transfer (oyunçular almaq) bazarında rəqabətə girmək üçün bu komandanın yetərincə pul-parası olacaqdır.
Lakin bu hadisə, həmçinin, İngiltərə futbolu güclülər dəstəsinin kommersiyalaşdırılmasına və beynəlmiləlləşdirilməsinə doğru növbəti addım və əsil milli futboldan və komandanın idarə edilməsinin ənənəvi üsullarından uzaqlaşdıran daha bir addım olacaqdır.
Məktumun və Abramoviçin rəqabəti idman mətbuatında bu qarşıdurma başlanmazdan əvvəl müzakirə edilməyə başlamışdır. Jurnalistlər damarlarında kral qanı axan, zəngin sülalənin varisi olan ərəbi yuxarı dairələrə yol tapan yoxsul rusiyalı yetimlə müqayisə edirlər. Buna baxmayaraq, onların ümumi cəhətləri də var: hər ikisi sərfəli imkanı əldən buraxmamağı bacarır, yaxşı nə varsa hamısına, o cümlədən də idmanda, nail olmaq əzmindədir, neft sahəsinə və onunla bağlı şirkətlərə milyonlarla dollar yatırmışdır.
Şeyx Məhəmməd Böyük Britaniyada, əsasən, cıdır sahəsində olduqca böyük nüfuzu ilə məşhurdur. Özü də at çapmağı sevir və ən uzaq məsafələrə yarışlarda iştirak edir. Kiçik qardaşı ilə birlikdə təxminən üç min baş təmizqanlı ata malikdir.
Məhəmməd Dubayda taxt-taca bu il, böyük qardaşı şeyx Məktumun vəfatından sonra sahib olmuşdur. Bundan başqa, o, Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və vitse-prezidentidir. Ölkənin neft ehtiyatlarının bir neçə onillikdən sonra tükənəcəyini bilən Məktumlar ailəsi öz səylərini onlara məxsus kiçik əraziləri Fars körfəzinin kommersiya mərkəzinə çevirməyə yönəltmişdir. Hazırda neft Dubayda istehsal olunan məhsulun cəmi 8 faizini təşkil edir. Mənfəətin qalan hissəsini ticarət, maliyyə əməliyyatları, turizm və tikinti gətirir.
Yekdil rəyə görə, şeyx Məhəmməd yeni kapital yatırımında da qazancda olacaqdır. Hesablamalara görə, televiziya ilə müqavilələr bir neçə ildən sonra İngiltərə güclülər dəstəsi klublarının gəlirlərini 60 faiz artıracaqdır.