ELM VƏ TƏHSİL
Dünya Akademik Sammiti çərçivəsində BDU-ya həsr olunmuş sessiya təşkil edilib
Bakı, 7 oktyabr, AZƏRTAC
İngiltərənin Mançester Universitetində Bakı Dövlət Universitetinin (BDU) və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin təşkilatçılığı ilə “Azərbaycanda tədqiqat əməkdaşlığı və beynəlmiləlləşmənin təkmilləşdirilməsi: Bakı Dövlət Universitetinin strategiyası və şəbəkələşmə tədbiri” adlı sessiya təşkil olunub. THE-nin Dünya Akademik Sammiti çərçivəsində təşkil olunan sessiyada 10-dan çox ölkənin ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Elçin Babayev son illərdə universitetin rəqabət qabiliyyətinin artırılması, eləcə də elmi-tədqiqat əməkdaşlığı və beynəlmiləlləşmə istiqamətində görülmüş işlərə dair geniş təqdimatla çıxış edib. Sessiya çərçivəsində Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova ölkədə müvafiq istiqamətlər üzrə görülmüş işlərə dair məlumat verib.
Sessiyanın ikinci hissəsində THE-nin baş məlumat direktoru Duncan Rossun sədrliyi ilə tədqiqat əməkdaşlığının və beynəlmiləlləşmənin inkişaf perspektivlərinə, ali təhsil və tədqiqatda innovasiyaların təşviqi yollarına dair panel müzakirəsi təşkil olunub. Panel müzakirəsində Ülkər Səttarova, Elçin Babayev, Küveytin Körfəz Elm və Texnologiya Universitetinin prezidenti Bassam Alameddin iştirak ediblər.
Sessiyanın sonunda BDU-nun rektoru Elçin Babayev THE-yə müsahibə verib.