Dünya Azərbaycanlılarının Həmrəylik Günü Ər-Riyadda qeyd edilib
Ər-Riyad, 27 dekabr, AZƏRTAC
Səudiyyə Ərəbistanındakı səfirliyimiz Ər-Riyad şəhərinin nüfuzlu “Riyad” Sarayında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirib.
Tədbirdə Səudiyyə Ərəbistanındakı diplomatik korpusun üzvləri, ziyalılar, türk diaspor təşkilatlarının nümayəndələri, iş adamları, bu ölkədə yaşayan həmvətənlərimiz və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə Prezident İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına ünvanlandığı müraciətin mətni oxunub.
Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün soydaşlarımız üçün ən əziz bayrama çevrildiyini bildirən səfir Rasim Rzayev bu günün xalqımızın həyatındakı əhəmiyyətindən söhbət açıb. Diplomat qeyd olunan bayramı dünyanın müxtəlif guşələrində məskunlaşan həmyerlilərimizin birliyi istiqamətində atılmış ən dəyərli addım kimi qiymətləndirib.
Ulu Öndərimizin möhkəm təməl üzərində qurduğu Azərbaycanın inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran R.Rzayev respublikamızın hərtərəfli yüksəlişi, ölkəmizin dünyadakı nüfuzunun sürətlə artması və xaricdə yaşayan həmyerlilərimizin problemlərinin həlli istiqamətində aparılan məqsədyönlü siyasət haqqında məlumat verib.
Sonra ölkəmizin tarixi və müasir inkişafına aid sənədli filmlər nümayiş olunub.
Tədbir ziyafətlə davam etdirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad