Dünya azərbaycanlılarının Həmrəylik Gününü qeyd etmələri artıq mənəvi ehtiyaca çevrilib
Aşqabad, 30 dekabr, AZƏRTAC
Aşqabad şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə tədbirdə çıxış edərək bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın respublikamızla əlaqələrinin, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin möhkəmləndirilməsi işində mühüm rol oynayır. Dünya azərbaycanlıları tərəfindən Həmrəylik Gününün qeyd edilməsi artıq bir zərurətə, mənəvi ehtiyaca çevrilib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün memarı ulu öndər Heydər Əliyevin 1991-ci ildə Naxçıvanda işlədiyi vaxtlar uzaqgörənliklə çıxardığı qərarın əhəmiyyətindən danışan səfir bu istiqamətdə ölkəmizdə görülən tədbirlərdən, dünyanın müxtəlif guşələrində məskunlaşmış soydaşlarımızın birliyi naminə atılan addımlardan söhbət açıb.
V.Sultanzadə qeyd edib ki, ulu öndər Heydər Əliyevin Sərəncamına müvafiq olaraq 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində dünya azərbaycanlılarının I qurultayı keçirilib. Bu qurultay göstərdi ki, qüdrətli Azərbaycana gedən yol bütün azərbaycanlıların milli birliyindən keçir. Qurultay dünyanın müxtəlif qütblərinə səpələnmiş soydaşlarımızın bir araya gətirilməsi vəzifəsinin həyata keçirilməsi istiqamətində atılmış ilk ciddi və qəti addım idi.
Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan iqtisadi islahatlar haqqında da məlumat verib. O, həmçinin ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüş azərbaycançılıq ideyasının beynəlxalq aləmdə yayılması üzrə qarşıda duran vəzifələr barədə danışıb.
Tədbirdə Prezident İlham Əliyevin dünya azərbaycanlılarına təbriki iştirakçıların diqqətinə çatdırılıb.
Türkmənistanda yaşayan həmvətənlərimiz, ziyalılar, iş adamları və səfirliyin əməkdaşları, eyni zamanda, Aşqabaddakı diplomatik korpusun nümayəndələri tədbirdə iştirak ediblər.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad