DÜNYA BANKI MALİYYƏ HESABATLARININ TƏKMİLLƏŞDİRİLMƏSİ VƏ BEYNƏLXALQ STANDARTLARA UYĞUNLAŞDIRILMASINA HƏSR OLUNMUŞ SEMİNAR KEÇİRMİŞDİR
Dünya Bankının təmsilçisi Qreqori Yeçeyçak məlumat vermişdir ki, seminardan əvvəl bu layihə üçün Yaponiya hökuməti tərəfindən ayrılmış qrant barədə Azərbaycan Maliyyə Nazirliyi ilə Dünya Bankı arasında saziş imzalanacaqdır. Natiq əmin olduğunu bildirmişdir ki, bu, Yaponiya hökumətinin verdiyi sonuncu qrant olmayacaqdır.
Maliyyə naziri Samir Şərifov demişdir ki, bir neçə ildir ölkəmizdə mühasibat uçotu və audit islahatları, başqa sözlə, yeni beynəlxalq mühasibat uçotu standartlarına keçidlə bağlı Maliyyə Nazirliyi tərəfindən digər qurumların, o cümlədən Dünya Bankı qrupunun yardımı ilə tədbirlər görülür. Onların həyata keçirilməsində bəzi dövlətlər həm ikitərəfli qaydada, həm də Dünya Bankı vasitəsilə Azərbaycan hökumətinə müxtəlif formalarda texniki yardımlar göstərirlər. Bu məsələdə Yaponiya hökumətinin yardımlarını xüsusi qeyd etmək lazımdır. Yaponiya hökumətinin Dünya Bankına verdiyi maliyyə vəsaiti hesabına mühasibat uçotu standartlarının layihəsinin reallaşdırılması üzrə maliyyə yardımı göstərilir. Mən bu köməyə görə Yaponiya hökumətinə, Dünya Bankına hökumətimiz adından təşəkkür edirəm. Bu layihə çərçivəsində Azərbaycana İsveçrə hökuməti də kömək göstərir. Biz bunu yüksək qiymətləndiririk.
Sonra qrant sazişi imzalanmışdır. Sənədi Azərbaycan tərəfdən Samir Şərifov, Dünya Bankı tərəfdən Qreqori Yeçeyçak imzalamışlar.
İmzalanma mərasimində Yaponiyanın ölkəmizdəki səfiri Tadahiro Abe iştirak etmişdir.
Seminar öz işini davam etdirmişdir.
Maliyyə Naziri Samir Şərifov seminar iştirakçılarına uğur arzulamışdır.
Məlumat verilmişdir ki, hesabat Dünya Bankı tərəfindən cəlb olunmuş Sürix Tətbiqi Elmlər Universitetinin nümayəndələri tərəfindən hazırlanmışdır. Nümayəndə heyəti professor Andreas Berqmanın rəhbərliyi altında çalışmışdır. Hesabatda ölkəmizdə mühasibat uçotu sahəsində islahatların aparılmasındakı mövcud problemlər və çətinliklər, onların aradan qaldırılması yolları ilə əlaqədar tövsiyələr öz əksini tapmışdır.
Seminarda müzakirələr aparılmış və qeyd edilmişdir ki, tədbir qeyri-kommersiya təşkilatlarında müvafiq maliyyə hesabatlarının tətbiqi və yayılmasını təmin edəcək, mühasibat uçotu sahəsində mövcud olan problemlərin aradan qaldırılmasına mühüm töhfə olacaqdır.