DÜNYA FUTBOLU ÜZƏRİNDƏ MƏHKƏMƏ
İddia verilməsinə G14 qrupuna daxil olmayan Belçikanın “Şarlerua” klubunun FİFA-ya qarşı şikayəti səbəb olmuşdur. Belə ki, komandanın futbolçusu Əbdülməcid Ulmers 2004-cü ilin noyabrında Mərakeş və Burkina-Faso yığmalarının yoldaşlıq görüşündə ciddi zədə almışdır. Klub onun cərrahi əməliyyatı üçün xərcləri, sonra isə səkkiz ay ərzində əməkhaqqını ödəmişdir. Həmin mövsümdə “Şarlerua” Belçika çempionatında beşinci yeri tutmuşdur. Lakin klubun rəhbərliyi əmin idi ki, “Şarlerua”dan qızıl medalları oğurladılar, çünki Əbdülməcid ağır zədə almasaydı, komanda mütləq ölkə çempionu adını qazanacaqdı.
Klub Mərakeş Futbol Federasiyasından kompensasiya almağa çox çalışsa da, bu bir nəticə verməmişdir. Ona görə ki, müasir futbolda yığma komandaların klublar qarşısında maliyyə məsuliyyəti mexanizmi nəzərdə tutulmur.
Bundan sonra belçikalılar G14 qrupu vasitəsilə hərəkət etməyi qərara almışlar. Belə ki, bu təşkilatın Baş Assambleyasının qəbul etdiyi xüsusi qətnaməyə uyğun olaraq, oyunçunun milli yığmanın tərkibində zədələnməsinə görə kompensasiya almaq məqsədi ilə iddia qaldıran hər hansı klubu dəstəkləməyi öhdəsinə götürür.
Xatırladaq ki, G14 qrupu 2000-ci ilin sentyabrında yaradılmışdır. O vaxt 14 elit futbol klubunun rəhbərləri klubların rəqabəti, peşəkar futbolun inkişafı, klublarla FİFA və UEFA kimi iri beynəlxalq təşkilatlar arasında münasibətlərin tənzimlənməsi ilə bağlı ümumi məsələləri birgə həll etmək üçün birləşməyi qərara almışlar.