Dünya İncəsənət Günü münasibətilə konsert proqramı təqdim olunub








Zaqatala, 15 aprel, Mustafa Dadaşov, AZƏRTAC
15 Aprel – Dünya İncəsənət Günü münasibətilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində konsert olub.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi, Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbi, Şəki şəhər və Zaqatala rayon Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bölgənin mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri, musiqisevərlər iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Konsertin əvvəlində Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Emil Bədəlov çıxış edərək, Dünya İncəsənət Gününün 2019-cu ildə UNESCO-nun Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında təsis edildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu əlamətdar gün bədii yaradıcılıqla cəmiyyət arasında əlaqələrin möhkəmlənməsi, bədii ifadə müxtəlifliyinin önəmi və sənət adamlarının davamlı inkişafa verdiyi töhfələri diqqətə çatdırmaq, incəsənətin inkişafını, yayılmasını təşviq etmək məqsədi daşıyır. Bildirilib ki, Dünya İncəsənət Günü beynəlxalq mədəniyyət təqvimində yeni olsa da, bu günün mədəniyyətlə də bağlı bir tarixi var. Belə ki, indiyədək 15 aprel dünyada qeyri-rəsmi olaraq Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunurdu.
Konsertdə Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərdən ibarət ansamblı, bölgənin mədəniyyət müəssisələrində fəaliyyət göstərən “İmedi”, “Qızılgül”, “Alazan” rəqs qrupları, ifaçılar rəngarəng proqramla çıxış ediblər.
Tədbirin sonunda şəkili sənətkar Gülnar İsmiyevanın bədii tikmə və təkəlduz işlərindən ibarət sərgiyə baxış keçirilib, həmçinin bir qrup mədəniyyət işçisinə fəxri fərman və təşəkkürnamə təqdim olunub.