DÜNYA MÜSƏLMANLARININ QİBLƏGAHINA MƏHƏBBƏTLƏ
Azərbaycan jurnalistinin gözü ilə”. Bakı, 2004.
Sentyabrın 22-də “Respublika” qəzetinin akt zalında bu qəzetin baş redaktorunun müavini Hacı Nərgiz Rüstəmlinin “Səudiyyə Ərəbistanı Azərbaycan jurnalistinin gözü ilə” kitabının təqdimat mərasimi olmuşdur. Kitab müəllifin həmin ölkəyə səfərlərindən aldığı təəssüratlar əsasında yazılmışdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının təsis olunduğu gün - 23 sentyabr ərəfəsində bu ölkənin Azərbaycandakı səfiri Əli Həsən Cəfərin iştirakı ilə keçirilən tədbiri “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov açmış, kitab haqqında qısa məlumat vermişdir. Filologiya elmləri doktoru Alxan Bayramov, “Xalq qəzeti”nin əməkdaşı İttifaq Mirzəbəyli, KİV işçiləri Həmkarlar İttifaqının sədri yazıçı Oqtay Salamzadə və başqaları çıxış etmişlər. Qeyd olunmuşdur ki, tanınmış jurnalist faktlara əsaslanaraq dünyanın ən əzəmətli dövlətlərindən biri olan Səudiyyə Ərəbistanı Krallığı - dünya müsəlmanlarının qibləgahı olan müqəddəs məscidlər diyarı haqqında dolğun, məzmunlu bir kitab ərsəyə gətirmişdir. Kitabdakı son dərəcə anlaşıqlı, isti, kövrək yazılar oxucunun hiss və həyəcanını riqqətə gətirir, hər birimizə doğma olan bu ölkə haqqında tam təsəvvür yaradır. “Bütün ərəblərin böyük evi”, “Səudiyyə Ərəbistanı Krallığı tərəqqi yollarında”, “Azərbaycana dost, qardaş ölkə” və başqa fəsillər maraqla, birnəfəsə oxunur. İttifaq Mirzəbəyli ərəblərin belə bir deyimini xatırlatmışdır ki, bir qrup adamlar - körpü salan, övlad tərbiyə edən, bar verən ağac əkən və kitab yazanlar ölümündən sonra ömür qazanırlar. Nərgiz xanım özünü cəsarətlə həmin qrupa aid edə bilər. O, yazdığı kitabla həm də ölkəmizlə Səudiyyə Ərəbistanı arasında körpü salmışdır.
Natiqlər əmin olduqlarını bildirmişlər ki, Krallığın Mədəniyyət və İnformasiya Nazirliyinin vəsaiti hesabına “Nurlan” nəşriyyat-poliqrafiya mərkəzində Azərbaycan və rus dillərində buraxılmış kitab onunla ünsiyyətdə olan hər bir kəsin mənən zənginləşməsinə kömək edəcəkdir. Təklif olunmuşdur ki, kitab ərəb dilində də yayılsın.
Səfir Əli Həsən Cəfərin çıxışı böyük maraqla qarşılanmışdır. Diplomat demişdir ki, peşəkar jurnalistin qələmindən çıxmış və onun ölkəsinə həsr olunmuş bu kitab onu çox sevindirir. Mən Nərgiz xanımın kitabını dünya möminlərinin müqəddəs yerlərinə məhəbbətin təzahürü kimi qiymətləndirir, qardaş ölkələrimiz arasında əlaqələri daha da möhkəmlədən körpü sayıram. Sonuncu səfərində Hacı titulu qazanmış müəllifin bu əsəri gələcək tədqiqatçılar üçün mənbə rolu oynayacaqdır. Kitabın ərəb dilində nəşr olunması təklifi üzərində düşünəcəyik. Bəri başdan deyirəm ki, bu kitab Səudiyyə Ərəbistanı Krallığı oxucularının, rəsmilərinin də diqqət mərkəzində olacaqdır.
Səfir məlumat vermişdir ki, kitabın nüsxəsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bağışlamışdır.