Dünya Poçt İttifaqı sahənin inkişafı istiqamətində yeni plan hazırlamışdır
Bakı, 19 noyabr (AZƏRTAC). Dünya Poçt İttifaqı (ÜPİ) poçt sahəsinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən Regional İnkişaf Planı (RİP) hazırlamışdır.
AZƏRTAC xəbər verir ki, ÜPİ-nin məlumatına görə, 2013-2016-cı illəri əhatə edən Regional İnkişaf Planı əməkdaşlıq siyasətinin həyata keçirilməsi üzrə ÜPİ-nin 25-ci Konqresi tərəfindən qəbul edilmiş ümumi çərçivə mexanizminə uyğun olaraq tərtib olunmuşdur.
“Latın Amerikası / PUASP”, “Avropa/MDB ölkələri”, “Karib regionu”, “Ərəb regionu”, “Afrika”, “Asiya/Sakit okean” kimi bölgələrdə 2009-2012-ci illər üzrə göstəriciləri əsasında bu regionlarda poçt sahəsinin inkişaf dinamikasını əks etdirən analitik xülasələr verilmişdir.
Avropa və MDB ölkələri üçün Regional İnkişaf Planında Azərbaycanla bağlı göstəricilərin və perspektiv planın inkişaf mərhələləri yer almışdır. Regional prioritetlərə Doha Poçt Strategiyasında müəyyənləşən əsas istiqamətlər daxil edilmişdir.
RİP-də qeyd edilir ki, bu gün bir çox fəaliyyət sahələrində ənənəvi fiziki poçt və ödəmə xidmətləri elektron poçt, SMS, onlayn-bankinq, müxtəlif internet-platformalar əsasında sosial şəbəkələr və s. kimi yeni xidmətlərlə əvəz olunur.
Belə əvəzlənmə isə bütün dünyada poçt sektorunun gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur. Yeni xidmət bazarlarının yaranmasına rəğmən poçt sektoru bütövlükdə artan rəqabətlə üzləşməkdə davam edir. Bu gün elektron xidmətlər, elektron ticarət və “Elektron hökumət” (rəqəmli ID, pensiyaların ödənməsi, pasport rəsmiyyətləri və s.) bəzi ölkələrdə artıq əlçatan olsa da, ümumilikdə bu sahə hələlik az inkişaf etmişdir. Belə bir şəraitdə, rəqəmli texnologiyaların tətbiqindən geri qalmamaq üçün poçt operatoru bu inkişafda mərkəzdə olmalıdır.
ÜPİ hesab edir ki, inkişaf edən ölkələr əvvəlki Regional İnkişaf Planı sayəsində islahatlar apararaq, xüsusilə xidmətlərin və ümumilikdə sektorun müasirləşdirilməsi sahəsində ciddi irəliləyişə nail olmuşlar. Bununla belə qarşıda həllini gözləyən vacib istiqamətlər vardır. Belə ki, 2013-2016-cı illərdə xidmətlərin keyfiyyətini və poçt şəbəkəsinin effektivliyini yaxşılaşdırmaq üçün bir sıra məsələlər öz həllini tapmalıdır.