Dünya Səhiyyə Təşkilatının Azərbaycanla gələcək əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 12 iyun, AZƏRTAC
Səhiyyə naziri Oqtay Şirəliyev “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Dünya Səhiyyə Təşkilatı (DST) Avropa Regional Bürosunun direktoru xanım Jujanna Yakabla görüşüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Dünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin tarixindən danışılıb. Oqtay Şirəliyev bildirib ki, 1992-ci ildən etibarən başlanılan bu əlaqələrin daha da inkişaf etdirilməsi və genişləndirilməsi üçün Səhiyyə Nazirliyi kifayət qədər səy göstərib. Nazir Azərbaycan dövlətinin DST-nin bütün təşəbbüslərini dəstəklədiyini qeyd edib.
Jujanna Yakab da öz növbəsində Azərbaycan səhiyyəsinin inkişafı istiqamətində görülən işlərin və yeniliklərin daim DST tərəfindən dəstəkləndiyini bildirib. O, həmçinin DST ilə Azərbaycanın uğurlu münasibətlərindən danışaraq, bu münasibətlərin gələcəkdə də genişləndirilməsi üçün bütün səylərdən istifadə edəcəklərini vurğulayıb.
Görüşdə sağlam həyat tərzinin təşviqi, DST qətnamələrinin yerinə yetirilməsi, gələcək əməkdaşlığın perspektivləri kimi məsələlər müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası 1993-cü ildən Dünya Səhiyyə Təşkilatının üzvüdür.