DÜNYA ŞÖHRƏTLİ DİRİJOR VƏ GÖRKƏMLİ BƏSTƏKAR NİYAZİNİN 90 İLLİYİNƏ HƏSR OLUNMUŞ YUBİLEY GECƏSİ
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV GECƏDƏ İŞTİRAK ETMİŞDİR
Azərbaycanın görkəmli dirijoru və bəstəkarı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, Dövlət mükafatları, Beynəlxalq Nehru mükafatı laureatı Niyazinin - Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun anadan olmasının 90 illiyi tamam olmuşdur. Onun yubileyinin qeyd edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2002-ci ilin avqustunda xüsusi Sərəncam imzalamışdır.
Bəstəkarlıq və dirijorluq fəaliyyətinə keçən əsrin 30-cu illərindən başlayan, yaradıcılığı milli musiqi mədəniyyətimizin tarixində silinməz izlər buraxmış Niyazi milli dirijorluq məktəbinin formalaşmasında misilsiz xidmətlər göstərmişdir.
Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən biri kimi Niyazinin milli simfonizmin təşəkkülü və inkişafında böyük rolu olmuş, onun opera, balet, simfonik muğam, süita, fortepiano ilə orkestr üçün konsert və mahnıları, dram tamaşalarına və kinofilmlərə bəstələdiyi musiqi yaddaşlara həkk olunmuş, dinləyicilər tərəfindən böyük məhəbbətlə qarşılanmışdır.
Maestro müxtəlif illərdə Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Azərbaycan Dövlət Filarmoniyasının rəhbəri olmuşdur.
Niyazi zəmanəsinin görkəmli dirijoru idi. O, Leninqrad Opera və Balet Teatrında, Parisin “Qrand-Opera”, Londonun “Kovent-Qarden” teatrlarında, Ankara opera və balet teatrında “Məhəbbət əfsanəsi”, “Yatmış gözəl”, “Daş çiçək”, “Yevgeni Onegin”, “Qaratoxmaq qadın”, “Aida” kimi dünya şöhrətli əsərlərə, İstanbul opera teatrında türk bəstəkarı A.Sayqunun “Koroğlu” operasının ilk tamaşasına dirijorluq etmişdir.
Dekabrın 6-da Respublika sarayında Niyazinin anadan olmasının 90 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev gecədə iştirak etmək üçün saraya gəldi. Salona toplaşanlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar.
Mədəniyyət naziri POLAD BÜLBÜLOĞLU yubiley gecəsində çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Xanımlar və cənablar!
Əziz Niyazisevərlər!
Bu gün böyük mədəniyyət beşiyi, qüdrətli sənətkarlar ocağı olan Azərbaycanın daha bir layiqli övladının yubiley təntənəsinə toplaşmışıq. Elə bir insanın bayramına toplaşmışıq ki, onun həyat və yaradıcılığı Azərbaycan milli mədəniyyətinin zəngin bir səhifəsidir.
Musiqi tariximizdə elə simalar var ki, onların yaradıcılığı dünya musiqi xəzinəsinə daxil olmuşdur. Belə sənətkarlar sırasında XX əsrin görkəmli musiqiçisi, dirijor, bəstəkar, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları və Beynəlxalq Nehru mükafatı laureatı, tanınmış ictimai xadim maestro Niyazinin böyük yeri vardır. Bu gün biz adını böyük hərflərlə yazmağa borclu olduğumuz belə bir sənətkarın yubileyini qeyd edirik.
Bir sıra görkəmli sənət ustalarımız kimi, Niyazi də öz yaradıcılıq axtarışlarını respublikamızın rəhbəri möhtərəm cənab Heydər Əliyevin qayğısı nəticəsində genişləndirməyə nail olmuşdur. Dövlətimizin başçısı Niyazinin yaradıcılığına, sənət taleyinə həmişə böyük diqqət və sevgi ilə yanaşmışdır. Bu yüksək tribunadan çıxış edərkən tarixi şəxsiyyətlərimizin yubileyləri, habelə ayrı-ayrı milli bayramların və əlamətdar günlərin qeyd edilməsi ilə bağlı Prezidentimiz Heydər Əliyevin imzaladığı Fərman və Sərəncamları xüsusilə qeyd etmək istərdim. Bunlar dolğun və çoxşaxəli tarixi sənədlərdir. Bu sənədlərin özü gələcək nəslə həmin tarixi hadisələr və şəxsiyyətlər barədə hərtərəfli bilik və məlumat verəcəkdir. Hörmətli Prezidentimizin dəfələrlə dediyi kimi, yubiley tədbirləri təkcə təntənəli gecələrlə yekunlaşmır. Həmin sərəncamlara əsasən, geniş tədbirlər keçirilir, həmin şəxsiyyətlərin mədəniyyətimizin inkişafında və müstəqil dövlətimizin tarixindəki xüsusi yeri və rolu bir daha yenidən təsdiqlənir. Təkcə son zamanlarda cənab Prezident bəstəkar Rauf Hacıyevin, müğənni Şövkət Ələkbərovanın, dramaturq Hüseyn Cavidin, bəstəkar Fikrət Əmirovun, şair Xəlil Rza Ulutürkün və bu gün yad etdiyimiz maestro Niyazinin yubileylərinin keçirilməsi barədə Sərəncamlar imzalamışdır.
Cəmi bir neçə gün bundan qabaq bu möhtəşəm sarayda biz Azərbaycan müğənnilərinin görkəmli nümayəndəsi, xalq artisti Şövkət Ələkbərovanın 80 illiyini böyük təntənə ilə qeyd etdik.
İki gün bundan öncə mən Gəncədə böyük bəstəkarımız Fikrət Əmirovun yubileyinin iştirakçısı oldum. Dekabrın 11-də isə Moskvanın ən nüfuzlu salonlarından sayılan İttifaqlar Evinin sütunlu salonunda Çaykovski adına Akademik Böyük Simfonik Orkestrin ifasında Fikrət Əmirovun və Niyazinin əsərləri səslənəcəkdir. Azərbaycanın görkəmli musiqi xadimləri də həmin təntənədə iştirak edəcəklər. Bunlar böyük qürur doğuran, fəxr edilməli hadisələrdir. Mən cəmi son 10 günün tədbirlərini qeyd etdim. Belə tədbirlərin sayı isə çoxdur.
Mədəniyyətimizin inkişafına yaratdığı böyük imkanlara görə, mən çoxminli mədəniyyət və incəsənət xadimləri adından möhtərəm Prezidentimizə bir daha öz dərin təşəkkürümü bildirərək deyirəm: “Əziz Prezidentimiz, çox sağ olun!”
Dirijor və bəstəkar Niyazi peşəkar musiqi mədəniyyətimizin banisi Üzeyir Hacıbəyovun, sözün həqiqi mənasında, davamçısı olmaqla, öz istedadı və gərgin əməyi sayəsində Hacıbəyovlar nəslinin şöhrətli nümayəndələrindən birinə çevrilmişdir. O, bəstəkarlıq və dirijorluq fəaliyyətinə 30-cu illərdən başlamış, Azərbaycan musiqi mədəniyyətində birinci maarifçi və təbliğatçı dirijor olmuşdur. Orijinal fitri istedad, yüksək musiqi mədəniyyəti, dərin erudisiya, güclü iradə onun yaradıcılığı üçün səciyyəvidir. Onun təfsirində klassik və müasir əsərlər ideya-emosional, məzmun cəhətdən dolğun, ifadəli və yüksək temperamentlə səslənirdi. Dirijorun repertuarında Qərbi Avropa, rus klassiklərinin, xarici ölkələrin müasir bəstəkarlarının əsərləri mühüm yer tuturdu.
Azərbaycan ifaçılıq sənətinin inkişafında, milli musiqimizin təbliğində Niyazinin xidmətləri əvəzsiz olmuşdur. Niyazi Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin, kantata və oratoriyalarının ilk ifaçısı olmuşdur. O, bu əsərlərin şərh edilməsində özünəməxsus orijinal ifaçılıq üslubu yaratmışdı. Azərbaycan professional dirijorluq məktəbinin formalaşması və inkişafı məhz Niyazinin adı ilə bağlıdır.
Milli simfonizmin təşəkkülü və inkişafında da Niyazinin xidmətləri böyükdür. Onun yazdığı “Rast” simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodiyası, xüsusilə harmonik dilin əlvanlığı ilə fərqlənir. “Rast” müəllifin rəhbərliyi ilə bir çox xarici ölkələrdə səslənmiş, Çexoslovakiyanın “Suprafon” ABŞ-ın “Rikordi” musiqi şirkətləri tərəfindən qrammofon vallarına yazılmışdır.
Nizaminin poeması əsasında yazdığı “Xosrov və Şirin” operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və orkestr epizodlarının ifadəliliyi ilə fərqlənirdi.
Rabindranat Taqorun dramı əsasında yazdığı “Çitra” baletində isə hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestr səslənməsində hind musiqi alətlərinin ifasını xatırladan tembr nyuanslarından istifadə edilmişdir.
Niyazi, eyni zamanda simfonik, kamera-instrumental əsərlərinin, mahnı və romansların, Azərbaycan kinofilmlərinə və dram tamaşalarına yazılan musiqi əsərlərinin müəllifidir.
Bu salonda əyləşən yaşlı nəslin nümayəndələri çox yaxşı xatırlayırlar ki, məhz Niyazinin təşəbbüsü ilə Azərbaycanda kütləvi mahnı bayramları və gənclər festivalları keçirilirdi.
Niyazi 1961-ci ildə Leninqrad Opera və Balet Teatrının baş dirijoru olmuş, Pyotr Çaykovskinin “Yatmış gözəl” və Sergey Prokofyevin “Daş çiçək” baletlərinin yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə Parisin “Qrand Opera” və Londonun “Kovent-Qarden” teatrlarında qastrol tamaşaları vermişdir.
Dəmir pərdələr arxasında yaşadığımız illərdə Niyazi qardaş Türkiyədə - Ankara Opera və Balet Teatrında Çaykovskinin “Yevgeni Onegin” və “Qaratoxmaq qadın”, Verdinin “Aida” operalarına, İstanbul Opera Teatrında türk bəstəkarı Adnan Sayqunun “Koroğlu” operasının ilk tamaşasına və “Yunis İmrə” oratoriyasına dirijorluq etmiş, bu ölkədə Azərbaycanın alovlu təbliğatçısı olmuşdur.
Niyazinin ictimai fəaliyyəti də çox zəngin olmuşdur. O, dalbadal 7 çağırış respublika Ali Sovetinin deputatı seçilmişdir.
Nazir daha sonra bildirdi ki, Niyazinin 90 illiyi ilə əlaqədar yubiley tədbirləri rəngarəngdir. Bu yaxınlarda Rusiya dirijoru, SSRİ xalq artisti Vladimir Fedoseyevin rəhbərliyi ilə Böyük Simfonik Orkestr Bakıdakı çıxışlarını maestro Niyazinin xatirəsinə həsr etmişdir. Bu möhtəşəm konsert idi. Bizim muzey və kitabxanalarımızda, ayrı-ayrı mədəniyyət müəssisələrində, musiqi məktəblərində bir-birindən maraqlı tədbirlər keçirilir.
Dünən biz Niyazinin ev muzeyində xatirə məclisinə toplaşmışdıq. Həqiqətən unudulmaz gün yaşadıq. Orada respublikamızın görkəmli musiqi xadimləri, qonaqlar iştirak edirdilər. Məclisdə qeyd olundu ki, Niyazi, həqiqətən, dövrümüzün ən məşhur sənət ustalarından biri idi. Niyazinin insani keyfiyyətləri də başqalarından çox fərqlənirdi. Nə qədər sərt idisə, o qədər də yumşaq ola bilirdi. Nə qədər tələbkar idisə, bir o qədər də güzəştə gedə bilirdi. Nə qədər böyük və əlçatmaz idisə, o qədər də sadə ola bilirdi.
Biz gənc vaxtlarımızda bu mənzildə tez-tez olardıq. Mən Niyazinin bu əziz günündə Həcər xanımı xatırlamaya bilmərəm. Niyazinin ömür-gün yoldaşı, bütün səadətini bu böyük sənətkara xidmətdə görən Həcər xanım onun şıltaqlıqlarını sevərəkdən hər bir xasiyyətinə nəvazişlə cavab verirdi. Allah ona rəhmət eləsin. Məncə onların hər ikisinin ruhu bu gün şad olmalıdır.
Niyazinin sənəti əbədidir. Çünki Niyazi istedadı, onun yaradıcılıq fəaliyyəti və çəkdiyi böyük zəhmət əsl ümumxalq məhəbbəti qazanmışdır. Niyazi kimi sənətkarları tarix tək-tək yetirir. Belələri isə haqlı olaraq xalqın iftixarına çevrilirlər. Yurdumuz, məmləkətimiz belə övladları ilə həmişə fəxr edəcəkdir. Xalqımız belə sənətkarların xatirəsini hər zaman yaşadacaqdır. Nə qədər ki, Azərbaycan dövləti, Azərbaycan xalqı var, Niyazinin adı da yaşayacaqdır.
X x x
Sonra Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, xalq artisti VASİF ADIGÖZƏLOV çıxış edərək dedi:
Zati-aliləri, möhtərəm cənab Prezident!
Xalqımız, dövlətimiz bu gün dahi dirijor, böyük ictimai xadim, bəstəkar, milli musiqi mədəniyyətimizin iftixarı Niyazinin 90 illiyini çox yüksək səviyyədə qeyd edir. Çünki Niyazi bəlkə də yüz ildə bir dəfə həyata gələ biləcək sənətkarlardandır. Azərbaycan professional musiqisinin inkişafında və təbliğində Niyazinin çox böyük rolu olmuşdur.
Niyazi Azərbaycan bəstəkarlarının böyük bir nəslinin yetişib formalaşmasına əvəzsiz töhfələr vermişdir. Bu gün tam məsuliyyətimlə deyə bilərəm ki, mən və yoldaşım olan bir neçə bəstəkar Konservatoriyanı bitirdikdən sonra Niyazi məktəbini bitirmişik. Məhz Niyazi məktəbi bizim inkişafımızda, dünyagörüşümüzdə, zövqümüzün formalaşmasında çox böyük rol oynamışdır. Çünki Niyazi ensiklopedik biliyə, fitri istedada malik bir insan idi.
Azərbaycanda böyük ifaçılar nəslinin yetişməsində də Niyazinin böyük rolu olmuşdur. Hətta bizim artıq yaşlı nəslə mənsub ifaçılarımızı - Firəngiz Əhmədova, Lütfiyar İmanov, habelə Fidan və Xuraman Qasımova bacıları, Rauf Atakişiyev və başqa sənətkarlarımızı operaya Niyazi gətirib, onları bütün dünyada məşhurlaşdırıbdır.
Niyazinin əsl ictimai xadim olduğunu diqqətə çatdıran natiq dedi ki, o, böyük vətəndaş idi.
O, öz xalqını, xalq da, onu sevirdi. Niyazi belə böyük şəxsiyyət idi. Niyaziyə olan münasibəti, möhtərəm Prezidentimizin Niyaziyə olan diqqət və qayğısını mən görmüşəm.
Niyazi ilk Azərbaycan dirijoru idi ki, Sovetlər İttifaqında qadağaların çox möhkəm dövründə Azərbaycanla Türkiyə arasında körpü saldı. O, Türkiyəyə qastrola getdi. Bu, təkcə qastrol səfəri deyildi, uzun illərin ayrılığından sonra iki qardaş xalqın vüsalı idi. O zaman belə bir işi yalnız Niyazi görə bilərdi. Çünki Niyaziyə hamı inanırdı. Niyazi hara getsəydi, ona yol açıq idi.
Niyazi ilk Azərbaycan dirijoru idi ki, hələ 1961-ci ildə Leninqrad Opera və Balet Teatrına baş dirijor təyin olundu. Bu, o dövr üçün fövqəladə bir hadisə idi. Çünki azərbaycanlını Leninqradın bu möhtəşəm teatrına baş dirijor təyin etmək, yalnız Niyazinin istedadının nəticəsi idi. Bu, istedada olan hörmət idi. Niyazi orada rus və Avropa bəstəkarlarının əsərləri ilə yanaşı, gənc Arif Məlikovun “Məhəbbət əfsanəsi”nin ilk tamaşasını qoydu.
Natiq daha sonra dedi ki, biz bu möhtəşəm sarayda neçə illər gənc istedadlar axtarmışıq. Həmin istedadları müəyyən edən münsiflər heyətinin başçısı Niyazi idi. Bu gün bizim muğam sənətində öz dəst-xətti dlan gözəl sənətkarlarımız vardır, onların hamısı Niyazinin tələbələri sayılmalıdır.
Niyazi Azərbaycanın peşəkar dirijorluq məktəbinin banisidir. Bütün Azərbaycan dirijorları Niyazinin tələbələri, Niyazi məktəbinin davamçılarıdır. Bunu tam əminliklə demək lazımdır.
Niyazi böyük dirijor olmaqla yanaşı, həm də böyük bəstəkar idi. Onun “Rast” muğamının partiturası bütün bəstəkarlar üçün ömür boyu bir dərslik olmalıdır.
İttifaqın sədri belə bir məqamı xüsusi vurğuladı ki, son bir neçə ayda biz Azərbaycan bəstəkarlıq, ifaçılıq sənətinin böyük nümayəndələri Xan Şuşinskinin, Şövkət xanım Ələkbərovanın, Sara xanım Qədimovanın, Rauf Hacıyevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin yubileylərini keçirmişik. Bu gün isə Niyazinin yubileyidir. Bunlar bizim həyatımızda çox lazımlı, mənalı hadisələrdir. Bütün bunlar hörmətli, əziz Prezidentimiz Heydər Əliyevin sərəncamlarına əsasən keçirilir. Yəni, bunlar möhtərəm Prezidentimizin bizim sənətimizə, musiqimizə, mədəniyyətimizə atalıq qayğısını, layiq olduğu qiyməti verdiyini bir daha sübut edir.
Mən Niyazi kimi dahi sənətkarlar yetişdirən Azərbaycan xalqına minnətdaram. Musiqimizə, sənətimizə verdiyi böyük qiymətə, göstərdiyi tükənməz qayğıya görə möhtərəm Prezidentimizə musiqi ictimaiyyətimiz adından dərin minnətdarlığımı bildirirəm.
Çox sağ olun.
Azərbaycanın və Rusiyanın əməkdar incəsənət xadimi, musiqişünas JANNA DOZORTSEVA gecədə çıxış edərək dedi:
- Xanımlar və cənablar!
Mənim üzərimə heç də asan olmayan bir vəzifə düşür. İcazə verin, bu təntənəli gecədə bir qədər şəxsi təəssüratlarımı, lirik duyğularımı, ifadə edim. Mən maestro Niyazi ilə 1970-ci illərin ortalarında tanış olmuşam. O vaxtlar onu Sovet İttifaqı Dövlət Simfonik Orkestrinin baş dirijoru Yevgeni Fyodoroviç Svetlanov tez-tez konsertlərə dəvət edirdi. Svetlanov, adətən, deyərdi ki, temperamentinə, incəsənətə vicdanlı, səmimi münasibətinə görə Niyazi ona bütün müasir dirijorlardan daha yaxındır.
Tanışlığımız qızımın vasitəsilə oldu. O, barmağında iri, gözəl üzük olan bəstəboy əmiyə dərhal vuruldu. Biz dostlaşdıq, tez-tez zəngləşməyə başladıq. 1979-cu ilin oktyabrında maestro Niyazi məni Bakıya hökumət konsertinə dəvət etdi. Mən bütün günü hava limanında oldum, çünki hava uçuş üçün əlverişli deyildi, nəhayət, gecə gəlib çıxdım. Mehmanxanada, pəncərənin önündə oturmuşdum, şəhəri seyr edirdim. Qarşımda nura qərq olmuş Bakı, dəniz, liman görünürdü. Mən Bakıya dərhal və həmişəlik vuruldum.
Səhərisi məşqə gəldim. Maestro mənə hələ də hökumət konsertindən danışırdı. Əlbəttə ki, axşam Heydər Əliyeviçin özünü görməyincə, onun dediklərinə inanmadım. Heydər Əliyeviçdə necə dahiyanə bir ideya yarandığını da, bax, onda anladım. Bir özünüz fikirləşin - özü dərin zəka sahibi, heyrətamiz dərəcədə zəngin bilikli insan olan Heydər Əliyeviç adamları gözəlliyin, musiqinin köməyi ilə tərbiyə etməyi qərara almışdı və respublikanın rəhbər işçiləri üçün musiqi dinləmə universiteti yaratmışdı ki, sonra bu sənət daha da geniş yayılsın. Ümumiyyətlə, hesab edirəm ki, Yer üzündə ikinci belə prezident yoxdur. Ayrı elə bir insan yoxdur ki, hər şeyin mənəviyyatdan doğduğunu, mədəniyyətsiz mənəviyyatın isə mövcud ola bilmədiyini bu qədər dərindən dərk etsin.
Budur, biz üzündən nur yağan maestro ilə birlikdəyik. O, çox səxavətli, geniş qəlbli, qonaqpərvər insan idi. Onun ömür-gün yoldaşı Həcər xanımı xatırlayıram. Onların necə də valehedici evi vardı. Maestro Heydər Əliyeviçin bu ideyasına vuruldu, özü də elə vuruldu ki, bu, onun həyatının mənasına çevrildi.
Niyazi cürbəcür proqramlar düşünüb tapırdı! Axı, ayın hər axırıncı cümə günü Mədəniyyət universitetində görüş keçiriləndə Çaykovskinin, Bethovenin, Mosartın simfoniyaları, Berliozun, Sen-Sansın, Ravelin, Gerşvinin əsərləri səslənirdi. Xrennikovun, Kabalevskinin müəllif gecələri keçirilirdi, dünya musiqi mədəniyyəti səslənirdi, ən başlıcası isə, hər konsertə azərbaycanlı müəllifin əsərləri də daxil edilirdi. Pultun arxasında isə maestronun özü dayanardı...
O, çox istedadlı idi. Onun haqqında indi çox danışıldı, amma maestro Niyazi kimi dirijora çox nadir hallarda rast gəlmək olar. Görünür, o, yüz ildə bir dəfə doğulan fenomenlərdən idi. Çünki o, eyni zamanda həm mütəfəkkir, müdrik insan, həm də odlu-alovlu, ehtiraslı artist idi. Bilirsinizmi, adama elə gəlir ki, partituranı bilirsən, mən bütün məşqlərdə olurdum. Məsələn, götürək Çaykovskinin Dördüncü simfoniyasını. Məgər burada aydın olmayan bir şey varmı?! Amma birdən maestro beşinci, altıncı plandan hansısa bir məqamı üzə çıxarır və onu başlıca amilə çevirir, bununla da əsərin bütün konsepsiyası artıq tamam başqa cür qavranılırdı. Lakin başlıcası bu idi ki, o, inandırırdi, o, belə artist idi, o, səhnədə musiqini yenidən yaradırdı. Niyazini dinlədikdə bu musiqinin lap çoxdan yazıldığını hiss etmirdin. Yox, o, musiqini yaradırdı, bəstəkarla müştərək yaradıcı idi. O, asanlıqla, təbii və sərbəst şəkildə yaradırdı, onun əsilzadə jestləri, ciddi və aydın jestləri vardı. Bax, indi siz o illərin kadrlarını gördünüz. Maestronun əlini oynatması, barmaqlarını tərpətməsi ilə orkestr sanki çiçəkli bağa dönürdü. Niyazi salonu o qədər valeh edirdi ki, elə bil biz hamımız bu böyük musiqi yaradıcılığı hadisəsinin iştirakçısı olurduq. Odur ki, biz maestroya qeyd-şərtsiz inanırdıq, ona axıradək inanırdıq.
Bilirsinizmi, bu gün mənim üçün həm xoşbəxt, həm də kədərli gün idi. Kədərlidir ona görə ki, mən Niyazinin məzarını ziyarət etdim, sonra ev muzeyində oldum. Halal olsun sizlərə! Çünki siz ev muzeydə Niyazinin ab-havasını, nəfəsini qoruyub saxlamısınız. Düşünürsən ki, o, həmişəki kimi, bu gün də təvazökarcasına, sakitcə öz evində yaşayır, növbəti mehmanlarını gözləyir ki, onları ləziz yeməklərə qonaq etsin.
Gözəl dirijor Rauf Abdullayev bu gün buradadır, onu Moskvada çox sevirlər. Bilirsinizmi, ölüm, həqiqətən, haqdır, amma “Rast” muğamı səsləndikdə bir dəqiqəliyinə gözlərinizi yumun və təsəvvür edin ki, pult arxasında bəstəboy, zəif, qarasaç bir insan dayanıb, onun incə barmaqlarından musiqi süzülür və canlı Niyazi, heç olmasa, bir anlığa bu salona qədəm qoymuşdur.
X X X
Qardaş Türkiyədən gəlmiş qonaq, İzmir Dövlət Simfonik Orkestrinin baş dirijoru RENGİN GÖKMƏ çıxışında dedi:
-Hörmətli Cümhur başkanım!
Dəyərli azərbaycanlı qardaşlarımız!
Türkiyənin qardaşı, ən yaxın dostu Azərbaycanın bağrından çıxmış, dünyada məşhur olan böyük ustad, böyük bəstəkar, böyük dirijor, bir sözlə, böyük sənətçi Niyazinin 90 illiyinə həsr olunmuş yubiley konsertində iştirak etməkdən böyük şərəf duyuram. Bu şərəfi təkbaşına daşımıram, bütün türk sənətçiləri ilə birlikdə daşıyıram. Çünki Bakıya gəldiyimi eşidəndə bəzi həmkarlarım məni aradılar, mənə dedilər ki, Niyazinin yubileyidir, onu yad etməliyik, çünki biz ondan çox şeylər öyrənmişik.
Niyazi yalnız Azərbaycanda, Türkiyədə deyil, bütün dünyada məşhur olan sənətçi idi. Bütün dünya onu tanıyırdı. Amma biz türklər, ona çox borcluyuq. Çünki ondan çox şey öyrəndik. O, hələ də Ankara və İstanbul dövlət opera və balet teatrları üçün əfsanə olaraq qalır. Hətta onunla işləməyən, onu görməyən musiqiçilər belə Niyazinin adını bilirlər. Çünki dostlarından, qardaş-bacılarından, babalarından onun haqqında eşitmişlər, bilirlər. Türk müsiqiçiləri hələ də Niyazidən öyrəndiklərindən istifadə edirlər.
Ankara Dövlət Opera və Balet Teatrında ilk dəfə “Aida”nı ifa etdiyim zaman bütün musiqiçilər, Niyazi ilə işləyən sənətçilər mənə həmişə onu anladardılar. Niyazinin yolundan, Niyazinin dəst-xəttindən danışardılar. Bizlər ondan çox şey öyrəndik, bu səbəbdən də ona çox borcluyuq. Bunun üçün də bu duyğularımı sizlərlə paylaşmaq istədim.
Mən ölməz sənətkar Niyaziyə, sizlərə, onu bağrından çıxaran Azərbaycan xalqına dərin minnətdarlığımı bildirirəm. Onun əziz xatirəsi önündə bütün türk sənətçiləri və mədəniyyət, incəsənət adamları adından böyük ehtiramla baş əyirəm.
X X X
Azərbaycan Prezidenti Heydər Əliyev yubiley gecəsində nitq söylədi. \Dövlətimizin başçısının nitqi qəzetin birinci səhifəsində qərc olunur\.
X X X
Sonra Niyazinin 90 illik yubileyinə həsr edilmiş böyük konsert oldu. Müvəffəqiyyətlə keçən konsertdə Azərbaycanın, Türkiyənin, İranın incəsənət ustaları görkəmli bəstəkarın əsərlərini ifa etdilər. Niyazinin dirijorluğu ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrin çıxışlarını, Azərbaycan Prezidenti Heydər Əliyevin vaxtilə Niyaziyə ən yüksək dövlət mükafatlarının təqdimat mərasimini əks etdirən kino lentləri göstərildi. Dövlətimizin başçısının, xarici ölkələrin tanınmış dövlət, incəsənət və mədəniyyət xadimlərinin Niyazi haqqında söylədikləri fikirlər səsləndi.
X X X
Konsertdən sonra Azərbaycan Prezidenti Heydər Əliyev Respublika sarayının şərəf salonunda incəsənət ustaları - xalq artistləri Fidan və Xuraman Qasımovalar, Fərhad Bədəlbəyli, Sərvər Qəniyev, Rauf Abdullayev ilə, habelə musiqişünas Janna Dozortseva, İzmir simfonik orkestrinin baş dirijoru Rengin Gekmenlə görüşüb səmimi söhbət etdi.
HEYDƏR ƏLİYEV: Siz hamınız dediniz ki, onun evinə gələnləri mütləq yeməyə qonaq edirdilər. Dəbdəbəli yaşamasalar da, bu evdə hamını gülərüzlə qarşılayırdılar. Qəribə adam idi! İstəyirdi ki, evinə gəlsinlər və bu, onu yormurdu, əksinə, görünür, onun üçün xoş idi, bundan həzz alırdı.
JANNA DOZORTSEVA : Niyazi elə belə şəraitdə də işləyirdi, məsələn, partituranı hazırlayırdı, halbuki bu vaxt onun evində qonaqlar olurdu.
SƏRVƏR QƏNİYEV: Mən onunla 20 gün Monqolustanda oldum. Biz “Ulan-Bator” mehmanxanasında qalırdıq, Həcər xanım hər gün bizim üçün yemək hazırlayırdı.
HEYDƏR ƏLİYEV: Həyat yoldaşım Moskvaya gedərkən bir neçə dəfə təyyarədə onunla yan-yana olmuşdur. O danışırdı ki, Niyazi həmişə qabaqda gedərdi, Həcər xanım isə əlində onun frakı və başqa əşyalarla arxasınca gələrdi. Həmişə də belə olurdu.
JANNA DOZORTSEVA: Yadımdadır, Siz nə vaxtsa deyirdiniz ki, Həcər xanımı Niyazidən ayırmaq olmaz.
HEYDƏR ƏLİYEV: Mən bir neçə dəfə ona demişdim ki, mükafatların yarıdan çoxunu Həcər xanıma vermək lazımdır, çünki sən bu qadınsız yaşaya bilməzdin. Niyazi də bunun həqiqətən belə olduğunu təsdiqləyirdi.
POLAD BÜLBÜLOĞLU: Siz yaxşı bilirsiniz ki, əgər bu qadın olmasaydı, yəqin ki, o, 10-15 il az yaşayardı. Həcər xanım ona öz uşağı kimi baxırdı.
SƏRVƏR QƏNİYEV: Monqolustan səfərindən yadımdadır, Həcər xanım hər səhər bizə iki-üç cür yemək hazırlayırdı. Niyazi yemək məsələsində çox şıltaq idi, Həcər xanım bəzən onu uşaq kimi qaşıqla da yedizdirərdi, mən bütün bunları görmüşəm.
HEYDƏR ƏLİYEV: Mən bayaq demək istəmədim, Niyazi 1984-cü ildə vəfat edib, ev muzeyi isə 1994-cü ildə, Əliyev buraya gələndən sonra yaradıldı. Bu, sizin yadınızdadır. Mən bu barədə də danışmaq istəmədim. Xalq Cəbhəsi deyirdi ki, bu simfonik musiqi nədir, bu, bizim musiqi deyil.
Bu adamlar hakimiyyətdə cəmi bir il qaldılar. Tofiq Quliyev mənə danışırdı ki, o, baş nazir Pənah Hüseynovun qəbuluna gedəndə ondan soruşub ki, sən kimsən? O deyib ki, mən bəstəkaram. Baş nazir isə deyib ki, mən Üzeyir Hacıbəyovdan başqa bəstəkar tanımıram. Bax, belə adamlar indi müxalifətdədir və yenidən hakimiyyətə gəlmək istəyirlər.
SƏRVƏR QƏNİYEV: Mən demək istəyirəm ki, Türkiyədə olduğum bu illər ərzində, artıq 14 ildir ki, seçki komissiyasının sədriyəm və deməliyəm ki, Siz həmişə başqa namizədlərdən böyük fərqlə irəlidə olmusunuz.
JANNA DOZORTSEVA: Cənab Prezident, mən allahdan arzu edirəm ki, Siz həmişə var olasınız, həmişə sağlam olasınız və onda hər şey yaxşı olacaq.
RENGİN GÖKMƏN: Cənab Prezident, bugün mənim həyatımın ən şərəfli konsertlərindən biri oldu. Azərbaycanlı qardaşlarımızın bizi unutmaması, yubileyə bizi dəvət etmələri bütün türk sənətçilərinə böyük şərəf verdi.
HEYDƏR ƏLİYEV: Sizin əsəriniz də çox gözəldir. Bizim orkestr də çox gözəl ifa etdi.
RENGİN GÖKMƏN: Mən tələbə olarkən müəllimim Niyazinin əsərlərini gətirib bizə dinlətdi. Niyazi Tağızadənin rəhbərliyi ilə Moskvanın simfonik orkestri çalırdı. Niyazi Tağızadənin ismini ilk dəfə orada eşitdim. Onda mən uşaq idim. Sonrakı illərdə Niyazi haqqında çox öyrəndim. Sizə təşəkkür edirəm ki, belə anları xalqınıza yaşadırsınız.
HEYDƏR ƏLİYEV: Çox sağ ol. O, Türkiyədə çox böyük işlər gördü. Mənim xatirimdədir, 1950-ci illər idi, ilk dəfə Türkiyəyə o getdi. O vaxtadək heç kəs Türkiyədə olmamışdı. Türkiyədə nə var, nə yox, simfonik orkestr var, opera və balet teatrı var - heç bir şey bilmirdik. O, üç ay orada yaşadı.
RENGİN GÖKMƏN: Adnan Sayqunun “Koroğlu” operasını da ilk dəfə Niyazi ifa etdi. Bu əsər o zamandan bəri bir dəfədə olsun səhnəyə qoyulmayıbdır. Onu təkcə Niyazi ifa etmişdir. Təəssüflər olsun ki, bu işdə bizim də nöqsanımız var, onu tamaşaya qoya bilməmişik. Niyazinin çox böyük xidmətləri olmuşdur.
FİDAN QASIMOVA: Janna, Siz Azərbaycan musiqisini təbliğ etdiyiniz vaxtlarda Niyazinin iştirakı ilə İttifaqlar Evinin Sütunlu salonunda verilən konsertləri xatırlayırsınızmı? Bu, həmin salonda sizin ilk konsertlərinizdən biri idi. Siz onu necə gözəl aparırdınız.
JANNA DOZORTSEVA: Bu, Sütunlu salonda mənim ilk konsertim deyildi. Çünki mən orada 1966-cı ildən işləyirəm. Amma biz əvvəllər sizinlə tanış deyildik. Bu, sizin iştirakınızla ilk konsert idi.
HEYDƏR ƏLİYEV: Bilirsiniz, bugünkü konsert mənə çox güclü təsir bağışladı. Müxtəlif böyük adamlarımızın - yazıçıların, bəstəkarların yubileylərinə həsr edilmiş belə gecələr bizdə vaxtaşırı olur. Onların hamısı çox yaxşı keçir, yaxşı musiqi hissəsi olur. Ancaq bugünkü gecə əvvəlkilərdən onunla fərqlənir ki, burada yüngül musiqi yoxdu, rəqslər yoxdu, yalnız belə ciddi musiqi vardı. Hər bir əsər insanı məftun edirdi. Konsertdə “Rast” ifa olunduqda pultun arxasında dayanmış Rauf Abdullayev kimi, yəqin ki, mən də qəlbən həyəcan keçirirdim, ona görə ki, bu musiqinin təsiri son dərəcə güclü idi. Burada xoş hisslər, hansısa kədərli duyğular, kövrək hisslər keçirirsən. Konsert mənə çox yaxşı, çox güclü təsir bağışladı.
SƏRVƏR QƏNİYEV: Bəlkə, filarmoniya bərpa olunandan sonra əvvəlki ənənələrə yenidən başlayaq?
HEYDƏR ƏLİYEV: Filarmoniya indi bərpa edilir, apreldə tam hazır olacaqdır. Rostropoviç orada konsert verməyi vəd edir. Əlbəttə, biz orada işləri qaydaya salacağıq. Heyf ki, Niyazi yoxdur. Amma əvəzində, Rauf Abdullayev var. Odur ki, biz belə gecələri ayda bir dəfə keçirəcəyik. Bilirsiniz, açığını deyim ki, bu, çox böyük zövq bəxş edir. Mən bugünkü konsertdən çox məmnunam.
POLAD BÜLBÜLOĞLU: Cənab Prezident Siz həmişə gözəl çıxış edirsiniz, amma bugünkü çıxışınızda Niyazi barəsində səmimiyyətiniz xüsusilə duyulurdu. Hiss edilirdi ki, Siz bu adamı sevirdiniz. Biz Sizin parlaq çıxışlarınızın neçə illərdir şahidiyik, ancaq bugünkü çıxışınız nə qədər səmimi, nə qədər ürəkdən gələn çıxış idi. Biz ev muzeyinin açılışındakı çıxışınızı xatırladıq, bu, proqram xarakterli çıxış idi. Aldığımız yeni gəmilərdən birinə Sizin məsləhətinizlə Niyazinin adı veriləndə biz hamımız kayutaya toplaşdıq və Sizin muzeydəki çıxışınıza baxdıq. Biz vidiokassetə yazılan bu çıxışı gəminin kollektivinə bağışladıq.
HEYDƏR ƏLİYEV: Gəlin, badələrimizi cəmiyyətimizin, bütün bəşəriyyətin ən yaxşı hissəsi olan gözəl xanımların şərəfinə qaldıraq! Bəşəriyyət onlarsız yaşaya bilməz.
Bu gün biz belə gözəl qadınların arasındayıq, onlar zahirən gözəl olmaqla yanaşı, incəsənət xadimlərinə məxsus daxili aləmləri ilə də zəngindirlər. Sənət adamı isə xüsusi adamdır. Siz bilirsiniz, mən həmişə belə hesab etmişəm və indi də bu fikirdəyəm ki, sənət adamları tək-tək yetişir. İncəsənət çətin və mürəkkəb işdir, həyatını buna həsr etmiş insanlar həm cəmiyyətin və xalqın, həm də dövlətin qayğılarından kənarda yaşaya bilməzlər. Mən həmişə mədəniyyətimizin, incəsənətimizin qayğısına qalmışam və başa düşürəm ki, xalq bunsuz yaşaya bilməz. Biz nə etsək də, iqtisadiyyatda nə qədər uğurlarımız olsa da, mən başa düşürəm ki, xalq incəsənətsiz yaşaya bilməz, axı, o, xalqın simasıdır.
Tarixi keçmiş baxımından simfonik musiqi bizim xalqımız üçün səciyyəvi deyildir, biz onu Avropadan əxz etmişik, Azərbaycanda onun banisi Üzeyir Hacıbəyov olmuşdur, sonra isə burada inkişaf etmişdir.
RAUF ABDULLAYEV: Cənab Prezident, xarici ölkələrə qastrollar təşkil etmək mümkün olsaydı. Bizdə kiçik kollektivlər qastrola çıxırlar, onların maliyyə məsələlərini həll etmək asandır, bizim kollektivimiz isə çox böyükdür. Heç olmazsa, Türkiyəyə qastrola getmək mümkün olsaydı...
POLAD BÜLBÜLOĞLU: Əgər 100 nəfər gedirsə, onda buna çox böyük vəsait lazımdır, bu da çətindir. Yadınızdadırmı, Fransaya Berlioz festivalına gedərkən, Siz təyyarə verdiniz. O zaman Fransada çıxan bütün qəzetlər yazırdı ki, Prezident Azərbaycan simfonik orkestrinə təyyarə verdi və orkestr öz təyyarəsində gəldi.
HEYDƏR ƏLİYEV: Siz razılığa gəlin, harada çıxış etmək sizin üçün münasib olarsa, bütün xərcləri biz öz üzərimizə götürərik, təki siz çıxış edin. Orada bilet satacaqsınız, ya yox, qazanacaqsınız, ya yox, o da sizin olsun.
FATMA ABDULLAZADƏ: Bu gün Qalina Pavlovna zəng etmişdi, Sizə salam yetirdi və Samir Cəfərovu yanvar ayına dəvət etdi.
FİDAN QASIMOVA: Fatma xanım, o, mənim şagirdim idi, Qazaxıstanda Beynəlxalq müsabiqənin laureatı olubdur.
HEYDƏR ƏLİYEV: O, Samirin sizin sinfinizdə oxuduğunu mənə deyibdir.
FİDAN QASIMOVA: Mən onunla məşğul oldum və Qazaxıstana, münsiflər heyətinin üzvü olduğum beynəlxalq müsabiqəyə apardım.
XURAMAN QASIMOVA: İndi isə bizə Surxay Əsgərovu veriblər. Müslüm Maqomayev məndən xahiş edib ki, onunla məşğul olum.
FİDAN QASIMOVA: Cənab Prezident, Siz dekabrın 20-də bizim gecəmizə gələcəksinizmi? Həmin gün bizim yaradıcılıq fəaliyyətimizin 25 illiyidir. Bilmirik, o gecədə biz oxuyacağıq, yoxsa, Sizin haqqınızda, bizim həyatımız üçün Sizin nə demək olduğunuz haqqında danışacağıq?
HEYDƏR ƏLİYEV: Yox, mənim haqqımda danışmaq lazım deyil, onda bu, yığıncaq olar, oxumaq lazımdır. Mən sizi dinləməyə gələcəyəm. Yaxşı bir konsert hazırlayın, ayın 20-də mütləq gələcəyəm.
SƏRVƏR QƏNİYEV: Türkiyədə biz bir orkestr yaratmışıq, onun üzvlərinin əksəriyyəti azərbaycanlılardır. Biz hazırladığımız proqramı filarmoniyanın açılış mərasimində Sizə hədiyyə etmək istərdik.
HEYDƏR ƏLİYEV: Yaxşı. Dekabrın 20-dəki konsertdə sən də iştirak et.
SƏRVƏR QƏNİYEV: Martın 25-də yubileyim keçiriləcək, həmin gün 65 yaşım və səhnə fəaliyyətimin 50 ili tamam olacaq. Yubileyi Doğramacı təşkil edəcəkdir.
HEYDƏR ƏLİYEV: Yaxşı, qoy, orada Doğramacı təşkil etsin, sonra da yubiley burada keçirilər.
RENGİN GÖKMƏN: Əminəm ki, Türkiyədə Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışını dinləmək istəyənlər çoxdur. İstərdik ki, bizim də orkestrlərimiz Azərbaycanda olsun. Mən qayıtdıqdan sonra bu məsələni müvafiq idarələr qarşısında qaldıracağam. İzmir Bakı ilə qardaşlaşmış şəhərdir və biz mədəniyyət sahəsində də yaxşı əlaqələr yaratmaq istəyirik.
X X X
Yubiley gecəsində Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, digər rəsmi şəxslər iştirak edirdilər.
Foto Yaşar Xəlilovundur