DÜNYADA ƏN UCA GÖYDƏLƏN
Çinin Tayvan adasının paytaxtı Taybeydə hündürlüyü 508 metr olan Maliyyə mərkəzinin – dünyanın ən uca göydələninin tikintisi başa çatmışdır. İTAR-TASS xəbər verir ki, 101 mərtəbəli binanın damında 60 metrlik qüllə ucaldılmışdır. Binanın beş yeraltı mərtəbəsi var və ümumi sahəsi 412,5 min kvadratmetrdir. Mütəxəssislərin sözlərinə görə, Tayvan seysmik cəhətdən fəal zonada yerləşdiyi üçün “Taybey qülləsi-101” adlandırılan qurğu onu yeraltı təkanlardan və şiddətli küləklərdən qoruya bilən güclü mühafizə sistemi ilə təchiz edilmişdir. “Qüllə”nin tikintisinə 1,7 milyard dollar sərf olunmuşdur. Tayvan mütəxəssisləri onu ABŞ, İngiltərə, Yaponiya, Almaniya və digər ölkələrin mühəndisləri və inşaatçılarının köməyi ilə layihələşdirmiş və ucaltmışlar.