Dünyada innovativ öyrətmə və öyrənmə - beynəlxalq təhsil forumu
Bakı, 10 may, AZƏRTAC
Avropa Azərbaycan Məktəbində Azərbaycan müəllimləri, təhsil idarəçiləri üçün “Uniser Education” tərəfindən “Dünyada innovativ öyrətmə və öyrənmə” mövzusunda beynəlxalq təhsil forumu təşkil olunub.
AZƏRTAC xəbər verir ki, forum Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbiri açan “Uniser Group”un rəhbəri Emin Xankişiyev forumun məqsədinin təhsil qarşısında duran problemlərin innovativ həlli istiqamətində ən yaxşı təcrübələri, ideyaları bölüşmək və birgə işləmək üçün bir platforma rolu oynadığını söyləyib. Qeyd edib ki, forumun müzakirə mövzularına yeni texnologiyalar, pedaqoji yanaşmalar, tədris planının inkişafı, qiymətləndirmə, müəllim hazırlığı, tədris və öyrənmə yeniliklərini dəstəkləyən istiqamətlər daxildir.
Beynəlxalq təhsil forumu bir gün müddətində təşkil olunub, beynəlxalq spikerlər müxtəlif mövzularla çıxış ediblər. İlk olaraq, Beynəlxalq İngilis Dili Müəllimlər Assosiasiyasının İnklüziv təhsil və xüsusi təhsil şöbəsinin üzvü, Portuqaliya İngilis Dili Müəllimlər Birliyinin rəhbəri və beynəlxalq təlimçi Romulo Neves “İnklüzivlik sehrlidir, yoxsa praktik?” mövzusunda çıxış edib. Daha sonra İsrailin Ben-Qurion Universitetinin xüsusi akademik ehtiyacı olan tələbələr şöbəsinin rəhbəri, əngəlli tələbələrin təhsili kafedrasının doktorantı İnna Smirnov-Okanin XXI əsr bacarıqları, sinifdə qiymətləndirmə, Oslo IB Dövlət Məktəbinin direktoru, Avropa Bərpaedici Ədalət Forumu üçün Bərpaedici Məktəblər üzrə İşçi Qrupunun üzvü, “Safe Learning Norway”in İdarə Heyətinin üzvü, məktəblərdə bərpaedici dərnəklərdən istifadə olunmasına dair kitabın (“Using Restorative Circles in Schools”) müəllifi Nina Vroldsen “Təhsildə gələcək trendlər” mövzusunda çıxıb edib. Xarici spikerlərlə yanaşı, Azərbaycandan Elşad Yunusov günümüzdə istifadə edilən yeni tədris metodikalarından danışıb.
Sonda müəllimlər forumda iştirakına görə beynəlxalq sertifikat əldə ediblər.