Dünyanın digər ərazilərinə nisbətdə iqlim dəyişikliyinin Azərbaycan meşələrinə təsiri çox güclü deyil
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycanın yerləşdiyi ərazi biomüxtəliflik baxımından dünyanın ən zəngin nöqtələrindən biridir. Yerləşdiyimiz coğrafi mövqe, məkan, relyef, iqlim xüsusiyyətləri özünü meşələrin növ müxtəlifliyi və zənginliyində göstərir. İtaliya, İspaniya, İsveçrə meşələrini Azərbaycan meşələri ilə müqayisə etsək, bizim meşələrin necə zəngin olduğuna şahid ola bilərik. Qlobal iqlim dəyişikliyi fonunda meşələrin müasir vəziyyətinin qiymətləndirilməsi vacibdir. Təəssüf ki, iqlim dəyişikliyi meşələrin biomüxtəlifliyinə də təsirsiz ötüşmür. Azərbaycanın dağlıq ərazilərində yerləşən meşələrdən də proses yan keçməyib. Lerikdə 500-800 yaşlı qaraçöhrə ağaclarının olduğu meşələrdə aparılan tədqiqatlar zamanı çox maraqlı nəticələr əldə edilib. Məlum olub ki, iqlim dəyişikliyinin müəyyən təsirləri olsa da, həmin meşələr öz dayanıqlığını saxlamaqda davam edir. Bunu Azərbaycanın digər meşələrinə də aid etmək olar. Böyük Qafqazın şimal və şimal-şərq hissələrinin meşələrində də iqlim dəyişikliyi fonunda dayanıqlıq hiss olunur. İlkin tədqiqatlar nəticə çıxarmağa imkan verir ki, dünyanın digər ərazilərinə nisbətdə iqlim dəyişikliyinin Azərbaycan meşələrinə təsiri çox güclü deyil. Daha dəqiq nəticələr üçün isə əlavə tədqiqatların aparılmasına ehtiyac var.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin ekologiya və torpaqşünaslıq fakültəsinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev deyib.
F.Seyfullayev bildirib ki, Azərbaycan meşələrinin biomüxtəliflik cəhətdən zənginliyi digər ölkələrin də diqqətini cəlb edir. Ona görə də Azərbaycan meşələri ilə bağlı bir neçə beynəlxalq layihə həyata keçirilir. Bunlar həm coğrafi informasiya sistemlərindən istifadə etməklə, həm də əyani müşahidə, tədqiqatlarla aparılan layihələrdir. Layihələrdən birinin əsas hədəfi də müəyyən ərazilərdə sırf yeni meşələrin salınması ilə bağlı töhfələr verməkdir.
“Azad olunmuş ərazilərdə meşələrlə bağlı tədqiqatlar gözlənilir. Hətta ilkin araşdırmalara da başlanılıb. İlk mərhələdə sadəcə real vəziyyətin qiymətləndirilməsinə yönələcək, hazırkı durum qiymətləndiriləcək, ondan sonra tədqiqatlar genişlənəcək”, - deyə F.Seyfullayev qeyd edib.