Dünyanın ən qədim xalısından bəhs edən “Pazırık xalısı – rəmzlər dünyası” kitabı nəşr edilib
Bakı, 14 dekabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Pazırık xalısı - rəmzlər dünyası” kitabı nəşr olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədqiqatçı, xalçaçı rəssam Məmmədhüseyn Hüseynovun müəllifi olduğu kitabda Dağlıq Altayın Pazırık vadisindəki kurqanlardan birində aşkarlanmış dünyanın ən qədim xalısı hesab edilən Pazırık xalısı ilə bağlı aparılmış tədqiqatdan bəhs olunur. Müəllif dörd hissədən ibarət olan bu kitabda Pazırık xalısının tarixiliyi, kompozisiya quruluşu, bədii cəhətləri və rəmzləşmiş mahiyyəti ilə bağlı məsələləri araşdırıb. Son səhifələrdə türk, rus və ingilis dillərində xülasə verilib.
“Pazırık xalısı - rəmzlər dünyası” kitabı “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.