İQTİSADİYYAT
DVX rəsmisi: Vergi Məcəlləsinə dəyişiklik layihəsi əsasən 5 istiqamətdə qruplaşdırılıb
Bakı, 10 noyabr, AZƏRTAC
2023-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan Vergi Məcəlləsinə dəyişiklik layihəsi əsasən 5 istiqamətdə qruplaşdırılıb.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəis müavini Əvəz Quliyev deyib.
DVX rəsmisi qeyd edib ki, birinci istiqamət ölkədə investisiya mühitinin, o cümlədən yerli istehsalın təşviq edilməsidir. Ləğv prosesində olan bankların sabit vergi xərclərinin azaldılması ikinci istiqamət kimi göstərilə bilər. Üçüncü istiqamət vergi inzibatçılığında bir sıra tənzimlənməyən məsələlərin tənzimlənməsini, eyni zamanda, təkmilləşdirilməsini nəzərdə tutur. Dördüncü istiqamətin hədəfi əhalinin vergi və maliyyə yükünün sosial xarakterli güzəştlərlə azaldılmasıdır. Beşinci istiqamət ölkənin beynəlxalq reytinqinin artırılması və qorunması kimi dəyişiklikləri əhatə edir.
Ə.Quliyev, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə iqtisadi inkişafın sürətlənməsinə dair” Fərmanı ilə qarşıya bir sıra tapşırıqlar qoyulub: “Əsas vəzifələr ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərdə istehsal və emal, eyni zamanda, xidmət infrastrukturunun yaradılması və bu sahədə iqtisadi və əmək resurslarının səmərəli istifadə olunması üçün əlverişli şərait yaradılsın, o cümlədən istehsal fəaliyyətini həyata keçirəcək vergiödəyiciləri üçün idxal olunacaq xammal və materialların idxalına vergi və gömrük güzəştləri müəyyən edilsin. Vergi Məcəlləsinə dəyişiklik layihəsində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək həmin ərazinin rezidentlərinə 2023-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət və gəlir, əmlak və torpaq vergiləri, eyni zamanda, sadələşdirilmiş vergi üzrə azadolmalar nəzərdə tutulub”.
Qeyd olunub ki, bunlarla yanaşı, Vergi Məcəlləsinə dəyişiklik layihəsinə həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan və ƏDV ödəyicisi kimi qeydiyyata düşən vergiödəyiciləri tərəfindən istehsal fəaliyyəti məqsədləri üçün idxal olunacaq xammal və materialların idxalının ƏDV-dən azad olunması kimi təkliflər də daxil edilib. Həmin istehsal sahələrinin əhatə dairəsi siyahı üzrə təsdiq olunacaq.