E-sosial.az internet portalı beynəlxalq mükafata layiq görülüb
Bakı, 6 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial.az” portalı ABŞ-ın “Communitas” beynəlxalq təşkilatının təşkil etdiyi “Communitas Awards” müsabiqəsində yüksək qiymət alıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, portal müsabiqənin “Excellence In Corporate Social Responsibility” kateqoriyası üzrə qalibi olub və “Excellence Winner 2024” mükafatına layiq görülüb.
Müsabiqənin saytında bu barədə, habelə nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi haqqında məlumat verilib. Həmçinin saytda portala və pensiya kalkulyatoruna dair posterlər də təqdim edilir.
Bundan əvvəl də e-sosial.az portalı bir sıra beynəlxalq mükafatlara, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqının İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin müsabiqəsində “Çempion layihə” mükafatına, "iESE - The Public Sector Transformation Partner” beynəlxalq qurumunun müsabiqəsində “Mükəmməllik sertifikatı”na, Beynəlxalq Sosial Təminat Assosiasiyasının “Ən yaxşı təcrübə üzrə Nailiyyət Mükafatı”ına və s. layiq görülüb.
2019-cu ildən istifadəyə verilən e-sosial.az portalı vətəndaşlara onların sosial məlumatlarına real vaxt rejimində çıxış və sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı verir.