ƏCNƏBİ ƏMƏK EHTİYATLARI RUSİYAYA LAZIMDIR
AZƏRTAC xəbər verir ki, Rusiyanın 11 regionunda Federal Miqrasiya Xidmətinin (FMX) bölmələri əcnəbi vətəndaşların işləmələrinə icazə verilməsini dayandırmışdır. Məlum olmuşdur ki, bu regionlar 2008-ci il üçün müəyyən edilmiş əcnəbi əmək ehtiyatlarının cəlb edilməsi normasını doldurmuşdur. Səhiyyə və Sosial İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, miqrasiya normalarını başa vurmuş və ya vurmaqda olan regionlar əlavə kvota üçün sifariş vermişlər.
FMX-nin məlumatına görə, 2008-ci ilə 1,8 milyon nəfərə qədər əcnəbi əmək miqrantının cəlb edilməsi üçün kvota təsdiq edilmişdir. Onlardan 672 min nəfəri vizaya ehtiyacı olan adamlardır. Qalanları - 1,1 milyon insan isə Rusiyada əcnəbi vətəndaşlar üçün nəzərdə tutulmuş xüsusi icazəni almalıdırlar. Aprel ayınadək Rusiyada əcnəbi vətədaşlara təqribən 800 min iş yeri üçün icazə verilmişdir. Bunlar, əsasən, Özbəkistan, Ukrayna, Tacikistan və Moldovadan gələnlərdir. Problem ondadır ki, regionların heç də hamısı miqrantları eyni dərəcədə maraqlandırmır. Məsələn, Prokopyevskə nisbətən Moskvaya daha çox adam gəlməyə çalışır. Nəticədə fəhlələr dairələr üzrə qeyri-bərabər bölüşdürülmüş olur: Əgər Mərkəzi Federal dairəsi əmək ehtiyatları normasını 102 faizı doldurmuşdursa, Şimal-Qərb dairəsi tələbatın 66 faizini, Cənub dairəsi 65 faizini, Ural dairəsi 55 faizini, Sibir dairəsi 51 faizini, Uzaq Şərq dairəsi isə cəmi 28 faizini təmin edə bilmişdir.