REGİONLAR
Ədalət Verdiyev: Seçkilərin keçirilməsi böyük siyasi əhəmiyyətə malikdir
Şuşa, 7 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
İlk dəfədir ki, Azərbaycan dövlətinin bütün suveren ərazisində seçkilər keçirilir. Zəfərimizin ardından belə seçkilərin keçirilməsi çox böyük siyasi əhəmiyyətə malikdir.
Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev Xankəndi şəhərində AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında deyib.
“Bu binada bir vaxtlar bizə qarşı olan, separatizmi dəstəkləyən qüvvələr otururdu, indi isə bizim seçki məntəqəmiz yerləşir. Bu binanın önündə - Xankəndidə ilk dəfə Azərbaycan əsgərinin hərbi paradı keçirildi. Ondan az əvvəl isə Ali Baş Komandanımız bayrağımızı Xankəndidə qaldırdı. Bütün bu hadisələrin cəmi dörd ay ərzində baş verməsi Azərbaycanın gücünün, hərbi potensialının göstəricisi hesab olunmalıdır. Bu seçkilərə də Zəfərimizə, müstəqilliyimizə, Qarabağımıza, Zəngəzurumuza verilən səs kimi baxılmalıdır. Mən özüm bu gün Xankəndidə səs verdim. Qələbəmizə, Zəfərimizə verdiyim səsə görə çox qürurluyam. Hesab edirəm ki, bu seçkilər Azərbaycanı daha böyük nailiyyətlərə, daha böyük qələbələrə aparacaq”, - deyə hərbi ekspert bildirib.