ƏDALƏTİN ZƏFƏRİ: “ƏLİ VƏ NİNO” ÖZ MÜƏLLİFİNİN ADI İLƏ ÇAP EDİLMİŞDİR
İnstitutdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, xaricdə belə bir əsərin tapıldığı barədə xəbər Bakıya ötən əsrin 70-ci illərinin əvvəllərində çatmışdı. Deyilirdi ki, roman “Qurban Səid” imzası ilə çap olunub. Əldə heç bir sənəd olmadığı üçün suallar cavabdan çox idi. 1973-cü ilin iyulunda Məntiqə Muradovanın “Bakı” qəzetində dərc olunmuş məqaləsi məsələyə aydınlıq gətirdi. Məlum oldu ki, İraqda nəşr olunan “Qardaşlıq” jurnalı Qurban Səidin “Əli və Nino” adlı məhəbbət romanı barədə material verib. Orada deyilirdi: “Romanın müəllifi “Qurban Səid” təxəllüsü ilə verilsə də, sonradan müəyyənləşdirilmişdir ki, bu, görkəmli azərbaycanlı yazıçı Yusif Vəzir Çəmənzəminlidir. İlk dəfə azərbaycanca yazılmış bu əsər sonralar alman dilinə çevrilərək 1937-ci ildə Vyanada nəşr olunmuşdur. Romanın azərbaycanca orijinal nüsxəsi hələlik əldə edilməmişdir. Bir qədər sonra bu qiymətli əsər ingilis dilinə, 1971-ci ildə isə türk dilinə tərcümə olunaraq çapdan çıxmışdır”.
“Əli və Nino”nun tapılması bir təsadüflə bağlıdır. Belə ki, 1969-cu ildə Jenya Qraman adlı rəssam Qərbi Berlindəki bukinist mağazalarından birinin toz basmış rəfində 32 il əvvəl Vyanada oxuduğu bu əsərə rast gəlməsəydi, “Əli və Nino”nun talesizliyi hələ də davam edəcəkdi. Rəssam əsəri ingiliscəyə çevirir. Lakin oxucular Qurban Səidi tanımırdılar. Müəllifin kimliyi roman 1971-ci ildə Amerikada çap edildikdən sonra məlum oldu. Beləliklə, 37 ildən sonra sirr açıldı.
Bütün bunlar barədə əsərə redaktor Qılman İlkinin yazdığı “Ön söz”də məlumat verilir. Xalq yazıçısı həmçinin xatırladır ki, 1994-cü ilin axırlarında “Ədəbiyyat qəzeti” və EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun keçirdiyi və “Əli və Nino” romanının müəllifinin kimliyinə həsr olunmuş müşavirədə ədəbiyyatşünas alimlərimiz təkzibolunmaz faktlarla sübut etmişdilər ki, əsərin müəllifi Yusif Vəzir Çəmənzəminlidir. Roman o vaxt onun adı ilə cap etmək qərara alındı. 1996-cı ildə Azərbaycan Yazıçılar Birliyində müəlliflik barədə məsələyə bir də baxıldı. Burada yazıçılarla bərabər, Yusif Vəzirin oğulları Orxan və Fikrət Vəzirovlar da təklif etdilər ki, atalarının müəllifliyi şübhə doğurmadığı üçün əsərin təkrar çapında onun adı göstərilsin. Övladları Yusif Vəzirin arxivindəki materiallar və çap olunmuş əsərləri ilə “Əli və Nino” romanı arasında tekstoloji analiz aparmış, burada 70-ə yaxın inkarolunmaz oxşarlıq faktı aşkar etmişdilər.
Bundan əlavə, hələ 1990-cı ildə Türkiyənin “Yeni forum” jurnalında doktor Fəthi Tevetoğlu “Türk ədəbiyyatında təxəllüslər” sərlovhəli məqaləsində göstərmişdi ki, Y.V.Çəmənzəminlinin təxəllüslərindən biri “Qurban Səid”dir.
Bu maraqlı məhəbbət romanını “Səda” nəşriyyatında çapa filologiya elmləri doktoru, professor Pənah Xəlilov hazırlamışdır.