ELM VƏ TƏHSİL
Ədəbiyyat İnstitutunda Azərbaycan-Çin ədəbi əlaqələri müzakirə edilib
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan Çinin Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei, Baş katibliyin icraçı müavini Raymond J.Vu, akademiyanın elmi əməkdaşları Feng Liu və Yan Zheng AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olublar.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, qonaqlar bu elmi müəssisənin nəzdində fəaliyyət göstərən Çin Tədqiqatları Mərkəzi ilə yaxından tanış olublar. Onlara bildirilib ki, Mərkəzin əməkdaşı Nərgiz Kərimova tərəfindən ölkəmizdə ilk dəfə olaraq Çin-Azərbaycan ədəbi əlaqələrinə dair fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib. Həmçinin burada Çin dilinin tədris olunduğu diqqətə çatdırılıb.
Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədov isə Çin ədəbiyyatı və mədəniyyəti haqqında aparılan tədqiqatlar barədə məlumat verib. Azərbaycan-Çin ədəbi əlaqələrinə dair kitabın hazırlandığını, çinli alimlərlə birgə konfransların keçirildiyini vurğulayıb.
Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei Çin Tədqiqatları Mərkəzinin və Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin fəaliyyətini yüksək qiymətləndirib, Ədəbiyyat İnstitutu ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.