Ədəbiyyat İnstitutunun əməkdaşı Çində beynəlxalq konfransda məruzə edib
Bakı, 25 noyabr, AZƏRTAC
Pekin şəhərində Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqatları İnstitutunun təşkilatçılığı ilə “Bir kəmər, bir yol, yüksək keyfiyyətli inkişaf: konsepsiyalar və fəaliyyətlər” adlı beynəlxalq elmi konfrans keçirilib. Konfransa Avropa və Asiya ölkələrindən 15-dən çox dövlətin təmsil olunduğu 60-dan artıq iştirakçı qatılıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, beynəlxalq tədbirdə ölkəmizi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin Çin Tədqiqatlar Mərkəzinin böyük elmi işçisi Nərgiz Kərimova təmsil edib. O, “Bir kəmər, bir yol təşəbbüsü kontekstində Çin-Azərbaycan əlaqələri: Tarixi İpək yolundan ədəbi dialoqa” mövzusunda məruzə ilə çıxış edib.
Konfrans çərçivəsində iştirakçılar elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, təcrübələrini bölüşüb, gələcəkdə birgə layihələr üçün imkanları qiymətləndiriblər.