ƏDƏBİYYATŞÜNAS ALİMİN 70 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
Tədbirdə qeyd olunmuşdur ki, ömrünün 71-ci ilini yaşayan Əflatun Saraclı düz 50 ildir Azərbaycan ədəbiyyatına xidmət edir. Ədəbi fəaliyyətinin ilk məhsulu Stalini tənqid atəşinə tutan və kəskin səs-küyə səbəb olmuş şeiridir. Gürcüstanda Tbilisi Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirən Ə.Saraclı sonralar “Azərbaycan gəncləri” qəzetində çalışmışdır.
Tədbirə toplaşanlar yubilyarın çoxşaxəli yaradıcılıq fəaliyyətindən danışmışlar. M.S.Ordubadi, Zeynalabdin Marağalı haqqında monoqrafiyaların müəllifi olan ədib daha çox Abdulla Şaiqin tədqiqatçısı kimi yadda qalmışdır. Ədəbiyyat tarixinin 4-cü və 5-ci cildlərinin hazırlanmasında da yaxından iştirak etmişdir. Yenicə işıq üzü görən monoqrafiyası isə “Azərbaycan yazıçıları cümhuriyyət dövründə” adlanır.
Yubilyarın Azərbaycan nəsrinin inkişafındakı xidmətlərindən danışan
akademik Bəkir Nəbiyev onun yazdığı əsərlərin vətənpərvərlik, türkçülük, millətçilik ruhuna söykəndiyini qeyd etmişdir. Natiq vurğulamışdır ki, Əflatun müəllim həm də bir çox tərcümələrin müəllifidir. Əsasən də gürcü ədəbiyyatından etdiyi tərcümələr və ədəbi əlaqələrin inkişafına verdiyi töhfələrə görə qonşu dövlətin “Şərəf” ordeni ilə mükafatlandırılmışdır.
Ə.Saraclı tədbirin iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirmişdir.