ƏDLİYYƏ NAZİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ İRANDA SƏFƏRDƏ OLMUŞDUR
İran İslam Respublikasının ədliyyə naziri Məhəmməd İsmayıl Şüştərinin dəvəti ilə Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 22-25-də qonşu ölkədə səfərdə olmuşdur.
Respublikamızın Tehrandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfər zamanı nazir Fikrət Məmmədov İİR-in İslam Şurası Məclisinin sədri Mehdi Kərrubi, ədliyyə naziri Məhəmməd İsmayıl Şüştəri, məhkəmə və ədliyyə qüvvələrinin başçısı ayətullah Haşimi Şahrudi, Baş prokuror ayətullah Namazi, təhlükəsizlik naziri Əli Yunisi, Narkotik maddələrlə mübarizə qərargahının katibi, İİR Prezidentinin müavini Əli Haşimi və daxili işlər naziri Əbdülvahid Musəvi Lari ilə görüşmüşdür. Görüşlərdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında idarəetmənin bütün sahələri üzrə əlaqələrin inkişaf etdiyi, xüsusilə də hüquq mühafizə orqanları arasında sıx əməkdaşlığın yarandığı və bunun hər iki ölkənin maraqlarına uyğun olduğu bildirilmişdir. Ötən ilin mayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İrana rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına böyük təkan verdiyi xüsusi vurğulanmışdır.
Görüşlərdə cinayətlərin qarşısının alınması, narkotik maddələrin yayılmasına qarşı birgə mübarizə, hər bir ölkənin dövlət orqanları tərəfindən digər ölkənin vətəndaşlarının şikayətlərinə baxılmasına nəzarətin gücləndirilməsi, cəzaçəkmə yerlərində vaxtaşırı məhbuslarla görüşüb onların şəraiti ilə tanış olmaq və sair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Ədliyyə naziri Şüştəri ilə görüşdən sonra İİR-in prezidenti cənab Xatəminin Bakıya səfəri zamanı imzalanması nəzərdə tutulan “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə İran İslam Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlığa dair memorandum” paraflanmışdır.
Görüşlərdə Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov iştirak etmişdir.
Azərbaycan nümayəndə heyəti Kiş adasına da getmiş, azad iqtisadi zonanın rəhbərliyi və yerli məhkəmənin təmsilçiləri ilə görüşlər keçirmiş və bu qurumların fəaliyyəti ilə yaxından tanış olmuşdur.
Fikrət Məmmədov ölkəmizin İran İslam Respublikasındakı səfirliyində də olmuş, diplomatlarla görüşərək başçılıq etdiyi nazirliyin fəaliyyəti, respublikamızda aparılan hüquq islahatları barədə məlumat vermişdir.