Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Könüllülərimizi tanıyaq” layihəsinə başlayır
Bakı, 19 aprel, AZƏRTAC
Bu gündən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində “Könüllülərimizi tanıyaq” rubrikasına start verilir. Həmin rubrika çərçivəsində hər kəs ətraf mühitin mühafizəsində yaxından iştirak edən ekokönüllülər komandasının üzvləri ilə tanış ola, onları yaxından tanıya biləcək.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə yaranan ekokönüllü komandası 2020-ci ildən Azərbaycan Könüllü Təşkilatları İttifaqının üzvüdür. Ötən üç il ərzində yüzlərlə könüllü bu istiqamətdə fəaliyyət göstərərək məzun olub. Bəzi könüllülər isə başlanğıcdan bu günədək hələ də ekokönüllü komandasının sıralarında fəaliyyət göstərməkdədirlər.
S.Məmmədova qeyd edib ki, ölkəmizdə könüllülük hərəkatı geniş vüsət almaqdadır. Gənclər öz parlaq ideyaları, təşəbbüskarlıqları ilə həmin hərəkatın bir parçasına çevrilərək, demək olar ki, görülən bütün işlərə öz töhfələrini verməkdədirlər.
“Ekokönüllülər ətraf mühitin mühafizəsi istiqamətində müxtəlif tədbirlərdə, o cümlədən ağacəkmə, təmizlik, tingpaylama, balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında, milli parklara təşkil olunan ekoturlarda, müxtəlif maarifləndirici tədbirlərdə, eləcə də müxtəlif təlim, seminar və konfranslarda iştirak edərək öz bilik və bacarıqlarını daim artırırlar”, - deyə nazirliyin şöbə müdiri qeyd edib.
S.Məmmədova onu da bildirib ki, maraqlı və əyləncəli keçən könüllülük həyatı gənclərin həm şəxsi, həm də karyera bacarıqlarının inkişafı üçün də bir təkandır.