Ekspert: Azərbaycan-Özbəkistan nəqliyyat əməkdaşlığının perspektivi Orta Dəhlizin inkişafı ilə bağlıdır
Bakı, 24 avqust, AZƏRTAC
Azərbaycanın Xəzər dənizinə çıxışı, inkişaf etmiş dəmir yolu və avtomobil infrastrukturu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu Özbəkistanın dünya bazarlarına çıxışının şaxələndirilməsi üçün əlverişli imkanlar yaradır. Özbəkistan isə Mərkəzi Asiyanın mühüm iqtisadi mərkəzlərindən biri kimi regiondan gələn yüklərin qərb istiqamətində daşınmasında əhəmiyyətli tərəfdaşdır. Bu iki ölkənin coğrafi və iqtisadi üstünlüklərinin uzlaşdırılması Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı üçün mühüm baza formalaşdırır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat üzrə ekspert Elçin Yusifzadə deyib.
O bildirib ki, Azərbaycan-Özbəkistan nəqliyyat əməkdaşlığının ən böyük perspektivi Orta Dəhlizin inkişafı ilə bağlıdır. Bu marşrut Çin və Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycan və Gürcüstana, oradan isə Türkiyə və Avropa bazarlarına çıxış yaradır. Dəhlizin dəmir yolu və dəniz seqmentlərinin birləşdirilməsi multimodal daşımaların inkişafına imkan verir. Özbəkistan üçün Orta Dəhliz xarici ticarət marşrutlarının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan üçün isə Özbəkistan Mərkəzi Asiyadan gələn yük axınlarının artırılması və ölkənin tranzit-logistika mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi baxımından strateji tərəfdaşdır.
Ekspert yükdaşımalarda dörd istiqamətin mühüm olduğunu nəzərə çatdırıb: “İlk növbədə, dəmir yolu daşımalarının genişləndirilməsi mühüm perspektivdir. Özbəkistandan Türkmənistan və Xəzər dənizi istiqamətində, daha sonra Azərbaycan üzərindən Türkiyə və Avropaya uzanan marşrutlar Mərkəzi Asiya yüklərinin qərb bazarlarına çıxışını asanlaşdırır. Bu baxımdan liman, dəmir yolu və logistika mərkəzlərinin fəaliyyətinin vahid sistemdə əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıyır. İkinci mühüm istiqamət Xəzər dənizində liman-logistika əməkdaşlığının inkişafıdır. Azərbaycan ərazisində yerləşən Ələt Limanı Orta Dəhlizin əsas logistika qovşaqlarından biridir və onun gələcəkdə illik 25 milyon ton yük buraxılış gücünə çatdırılması planlaşdırılır. Bu imkanların Özbəkistanın ixrac potensialı ilə əlaqələndirilməsi iki ölkə arasında tranzit daşımaların artmasına şərait yaradır. Üçüncü istiqamət rəqəmsallaşmadır. Elektron icazələr, elektron gömrük prosedurları, yüklərin rəqəmsal izlənməsi və vahid məlumat mübadiləsi sistemləri nəqliyyat dəhlizinin səmərəliliyini əhəmiyyətli dərəcədə artıra bilər. Azərbaycanda artıq e-TIR, elektron tranzit və digər rəqəmsal mexanizmlər tətbiq olunur. Dördüncü perspektiv logistika xidmətlərinin şaxələndirilməsidir. Gələcəkdə sadəcə yükün bir ölkədən digərinə daşınması deyil, anbar, çeşidləmə, qablaşdırma, sığorta, gömrük və digər əlavə logistika xidmətlərinin inkişafı da iqtisadi əməkdaşlığın yeni istiqamətlərini formalaşdıra bilər”.
Ekspert vurğulayıb ki, hazırda iki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstərici 675 min ton təşkil edib: “Bu rəqəmlər yükdaşımalarda artım dinamikasının olduğunu göstərir. Beləliklə, Azərbaycan və Özbəkistan arasında nəqliyyat-tranzit əməkdaşlığı gələcəkdə ikitərəfli münasibətlərin mühüm iqtisadi dayaqlarından birinə çevrilməklə yanaşı, Avrasiyanın yeni nəqliyyat xəritəsinin formalaşmasında da mühüm rol oynaya bilər”.