Ekzitpol: Yaponiya parlamentinin aşağı palatasına seçkilərdə hakim koalisiya üstünlük qazanıb
Tokio, 31 oktyabr, AZƏRTAC
Oktyabrın 31-də Yaponiya parlamentini aşağı palatasına keçirilən seçkilərdə tərkibində Liberal Demokratik Partiyanın (LDP) və “Komeyto” partiyasının olduğu hakim koalisiya üstünlük qazanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalının keçirdiyi ekzitpolun nəticələrinə görə məlum olub. Bildirilir ki, seçkilərin nəticələrinə görə LDP-nin mövqeyi 212 yerdən 253 yerədək azala bilər. Parlamentdə vahid üstünlüyə malik olmaq üçün LDP 233 yer qazanmalıdır. Onun koalisiya tərəfdaşı “Komeyto” Partiyasından olan deputatların isə 27 yerdən 35 yerədək əldə edəcəyi gözlənilir. Belə olduğu təqdirdə hakim koalisiya ən aşağı göstəriciyə nail olacağı halda da aşağı palatada üstünlüyü qoruyacaq.
Ekzitpolun nəticələrinə görə, əsas müxalifət partiyası olan Konstitusiyalı Demokratlar Partiyası aşağı palatada öz mövqelərini möhkəmləndirməyə nail olacaq. Belə ki, bu partiyanın 99 yerdən 141 yerədək sahib olacağı gözlənilir. Kommunist Partiyasının 14, Yaponiyanın Dirçəlişi Cəmiyyətinin isə 34-dən 47-dək yer əldə edə biləcəyi qeyd edilir. Müxalifətin yerlərin sayını artırmağa nail olmasının səbəbi kimi, 286 birmandatlı dairənin 213-dən vahid namizəd irəli sürməsi göstərilir.
Seçkilər ərəfəsində parlamentin aşağı palatasındakı 276 yer hakim LDP-yə, 29 yer isə onun koalisiya tərəfdaşı “Komeyto” Partiyasına mənsub olub. Bu iki partiya aşağı palatada böyük üstünlüyə malik olsalar da (305), bu Konstitusiya üstünlüyü (310) hesab edilmir. Əsas müxalifət partiyası hesab edilən Konstitusiyalı Demokratlar Partiyası 112, Kommunist Partiyası 12, Yaponiya Dirçəliş Cəmiyyəti 11, Xalq Demokratik Partiyası 10 yerə malik olub. Qalan mandatlar isə ya digər partiyalara məxsus olub, ya da boş qalıb.
Qeyd edək ki, səhər saat 7-dən axşam saat 20:00-dək davam edən seçkilər zamanı heç bir hadisə qeydə alınmayıb.
Bu dəfə seçkilərdə əsas diqqət sentyabrda Fumio Kişidanın LDP-yə rəhbərliyə gəlməsindən sonra hakim partiyanın nə qədər yer qazana biləcəyinə yönəlib. Belə ki, keçmiş Baş nazir Yoşihide Suqanın hökumətə başçılıqdan imtina etməsi ərəfəsində bu partiyanın reytinqi çox aşağı düşmüşdü.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio