“Əl-ələ daha güclüyük!” şüarı altında yaradıcılıq müsabiqəsi başa çatıb
Naxçıvan, 29 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə reallaşan “Əl-ələ daha güclüyük!” müsabiqəsinin məqsədi sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərə, eləcə də valideyn himayəsindən məhrum olan uşaqlara dəstək olmaq, onların cəmiyyətə inteqrasiyasına köməklik etməkdir.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Dövlət Filarmoniyasında keçirilən müsabiqədə iştirakçılar üzvlərindən biri sağlamlıq imkanları məhdud yeniyetmə və gənc olmaqla qrup şəklində yarışıblar. Onlar müvafiq ardıcıllıqla “Xanəndəlik”, “Rəqs”, “Bədii qiraət”, “Musiqi alətlərində ifa” nominasiyaları üzrə səhnə bacarıqlarını nümayiş etdiriblər. Qaliblər 5 nəfərdən ibarət münsiflər heyəti tərəfindən müəyyən olunub. Xalq artisti Kamran Quliyev, Əməkdar artistlər Tural Nəcəfov, Zeynalabdin Babayev, Zülfüqar Mahmudov və Əməkdar mədəniyyət işçisi Tamerlan Bağırovdan ibarət münsiflər heyəti qiymətləndirməni birlikdə işləmə bacarığı, səhnə mədəniyyəti, musiqi tərtibatı və kompozisiya quruluşu meyarları üzrə aparıblar.
Nəticələrə əsasən, bədii qiraət üzrə Nigarə Quliyeva və Xanım Məmmədova, rəqs sahəsi üzrə Nihal İmanov və Firuzə Tağıyeva, xanəndəlik üzrə Yunis Məmmədov və Elgün Hüseynli, musiqi alətlərində ifa üzrə Rəşid Əliyev və Ruhin Məmmədov qalib olublar.
Sonda müvəffəqiyyət qazanan iştirakçılar diplom və hədiyyələrlə mükafatlandırılıblar.