Əl işlərindən ibarət nümunələrin sərgi-satışı təşkil olunub
Ağsu, 16 mart, AZƏRTAC
Ağsu şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə istedadlı qadın və qızların əl işlərindən ibarət nümunələrin sərgi-satışı təşkil olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev parkında açıq havada təşkil edilən və iki gün davam edəcək sərgi-satışda istedadı ilə seçilən, el sənəti nümunələrini yaşatmağı özünə məşğuliyyət sahəsi seçən və asudə vaxtını bu işə sərf edən gənc qız və xanımların əl işləri nümayiş olunub. Sərgi-satışın təşkil olunmasın əsas məqsəd məhz gənc qızların və qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, özünüməşğulluğu inkişaf etdirmək və onlara maddi-mənəvi dəstək olmaqdır.
Sərgi-satışda istedadlı və yaradıcı xanım kimi iştirak edən və 10-a yaxın əl işi təqdim edən Pərişan Mehdiyeva AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Tikmə naxışlarını nənəmdən öyrənmişəm. Buna uşaq yaşlarımdan marağım var idi. İndi də boş vaxtlarımı bu kimi nümunələrin hazırlanmasına sərf edirəm. Çox maraqlı işdir. Tikmə və toxuma bacarığı yaradıcı təxəyyüllə birləşəndə gözəl nəticə alınır”.
Qeyd edək ki, sərgi-satışda, habelə Heydər Əliyev Mərkəzinin dərnək rəhbəri və üzvlərinin, məktəblərin, məktəbəqədər tədris müəssisələrinin şagirdlərinin də xeyli əl işləri var idi.