Elçin Süleymanov: “Əmək bazarı üzrə terminlərin izahlı lüğəti” terminoloji pərakəndəliyi aradan qaldıracaq
Bakı, 9 iyul, AZƏRTAC
“Əmək bazarı üzrə terminlərin izahlı lüğəti” müxtəlif qurumların sənədlərində və nəşrlərində rast gəlinən terminoloji pərakəndəliyin aradan qaldırılmasına xidmət edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Elçin Süleymanov “Əmək bazarı üzrə terminlərin izahlı lüğəti”nin təqdimatında deyib.
O bildirib ki, son illərdə əmək bazarında rəqəmsallaşma və texnologiyaların sürətli inkişafı nəticəsində müvafiq sahəyə çoxsaylı yeni anlayışlar daxil olub. Bu zərurət nəzərə alınaraq Milli Observatoriya tərəfindən yeni lüğət hazırlanıb.
“Lüğət hazırlanarkən qabaqcıl beynəlxalq təcrübədən, xüsusilə Beynəlxalq Əmək Təşkilatının son illərdə apardığı elmi tədqiqatlardan geniş istifadə olunub. Elmi ədəbiyyata yeni daxil olan rəqəmsal əmək bazarı, sərbəst məşğulluq və əmək münasibətlərinə dair digər müasir anlayışlar da nəşrdə əksini tapıb”, – deyə Elçin Süleymanov vurğulayıb.
Bildirilib ki, nəşrdə 5500-ə yaxın terminin Azərbaycan və ingilis dillərində vahid yazılışı, eləcə də ətraflı izahı təqdim olunub.
Lüğətin hazırlanmasında əsas məqsəd müxtəlif qurumların sənədlərində və fərqli nəşrlərdə rast gəlinən fikir ayrılığını və terminoloji pərakəndəliyi aradan qaldırmaq, əmək bazarı ilə bağlı anlayışların qanunvericilikdə vahid metodologiya əsasında tətbiqinə dəstək verməkdir.
İdarə Heyəti sədrinin müavini qeyd edib ki, yeni nəşr alimlər, tədqiqatçılar və əmək bazarı üzrə mütəxəssislər üçün də etibarlı mənbə olacaq.
“Kitabda həm ənənəvi terminlərə, həm də rəqəmsallaşma, süni intellekt, yaşıl iqtisadiyyat və digər yeni istiqamətlərlə bağlı anlayışlara geniş yer verilib. Terminlərin mahiyyəti Beynəlxalq Əmək Təşkilatının standartlarına və beynəlxalq iqtisadi terminologiyaya uyğun şəkildə izah olunub”, – deyə Elçin Süleymanov əlavə edib.
Müxbir - Şəlalə Camal