ELÇİNİN TÜRKİYƏDƏ YENİ KİTABI ÇIXMIŞDIR
Bu günlərdə “Da Yayıncılık” nəşriyyatı Elçinin “Ədəbi düşüncələr” adlı yeni kitabını türk dilində nəfis şəkildə nəşr etmişdir. Bu, Elçinin Türkiyədə çapdan çıxmış 15-ci kitabıdır.
Nəşriyyat müəllifi oxuculara təqdim edərək yazır: “Elçin əsərlərində, bir tərəfdən, sərt realizm ilə cəmiyyətdəki mürəkkəblikləri, ziddiyyətləri göstərir, o biri tərəfdən isə, incə bir romantizm ilə insani hissləri yüksək bədiiliklə ifadə edir. Onun özəl yazar üslubu, psixoloji dərinliklərə varmaq bacarığı, təhkiyəsinin estetik incəlikləri yalnız Elçinin deyil, bütün Azərbaycan ədəbiyyatının böyük nailiyyətidir”.
Türk oxucuları indiyə qədər sevimli yazıçının, əsasən, bədii əsərləri ilə tanış idilər. Yeni kitabda isə Elçinin dünya əbəbiyyatı haqqında düşüncələri, klassiklərin, eləcə də müasir yazıçıların yaradıcılığına fəlsəfi-estetik baxışı əhatə olunur.
Kitaba Elçin özü ön söz yazmışdır. H.Məcidoğlunun və H.Əzizoğlunun “Ədəbi düşüncələr” haqqındakı məqalələri də kitaba daxil edilmişdir.