ELEKTRIK ENERJİSİNİN QANUNSUZ İSTEHLAKINA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
İstehlakçıların elektrik enerjisi ilə təchizatının keyfiyyəti və sabitliyi artsa da, bəzi istehlakçılar ondan istifadə qaydalarını pozurlar.
“Azərenerji” açıq səhmdar cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müvafiq icra strukturlarının və yerli hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş reyd zamanı Mingəçevir, Yevlax, Ağdaş, Bərdə və Tərtər paylaşdırıcı şəbəkələrini əhatə edən “Mingəçevir regional enerji təchizatı” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə avqust ayında elektrik sayğaclarının işinə qanunsuz müdaxilə ilə əlaqədar 126 fakt aşkar edilmişdir.
Ötən ay Yevlaxda elektrik enerjisindən istifadə edilməsi qaydalarının pozulması ilə bağlı 32 fakt, Mingəçevirdə 9, Ağdaşda 4 fakt qeydə alınmışdır.
Hesabat dövründə bu cür pozuntuların ən az sayda - üç fakt olması Tərtər paylaşdırıcı şəbəkədə, ən çoxu isə (78 fakt) Bərdə paylaşdırıcı elektrik şəbəkəsində aşkar edilmişdir. Məlum olmuşdur ki, qayda pozuntuları nəticəsində istifadə edilmiş elektrik enerjisinin ümumi həcmi 550 min kilovat-saata bərabərdir. Qanunsuz istifadə edilmiş elektrik enerjisinin haqqının məcburi qaydada ödənilməsi üçün müvafiq aktlar tərtib edilmiş, bu məbləğin təqribən 40 faizi artıq ödənilmişdir.
İlin ilk səkkiz ayı ərzində RET üzrə 1070-dən çox bu cür fakt aşkar edilmişdir. Müvafiq hesablamalar aparıldıqdan sonra qanunsuz istifadə edilmiş 4,6 milyon kilovat-saata yaxın elektrik enerjisinin dəyərinin bərpa edilməsi üçün aktlar tərtib edilmişdir. Bu məbləğin 275 min manatı artıq ödənilmişdir.